Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-18 11:39:00
Xaricdə kollec, yoxsa Azərbaycanda universitet? – “Müqayisə apara bilmirik”

“Azərbaycandakı kollec təhsilini Avropaya çatdırmaq üçün yarım əsr lazımdır”.

 

Avropa ölkələrinin bir çoxunda kolleclərdə magistratura, eləcə də doktorantura təhsil pilləsi mövcuddur. Xarici  kolleclərdə yuxarı təhsil pillələri olmasına baxmayaraq hələ də, ölkəmizdə kollec təhsili alan şəxslər üçün iş imkanları belə məhdud saydadır.

 

Belə olduğu halda sual yaranır, tələbələr üçün xaricdə kollec təhsilimi əlverişlidir, yoxsa ölkəmizdə ali təhsilmi?

 

Təhsil eksperti Elçin Əfəndi (Əfəndiyev) AzEdu.az-a mövzu ilə əlaqədar açıqlama verib.

 

Ekspert bildirib ki, bir çox xarici ölkələrdəki kolleclər Azərbaycandakı ən prestejli ali təhsil müəssisəsindən daha üstündür: “Böyük Britaniya, ABŞ, Belçika, eləcə də Fransa və b. ölkələrin kollecləri həm təhsilin keyfiyyəti, həm də infrastruktur baxımından Azərbaycanın ən qabaqcıl universitetlərindən də yüksək səviyyədədir. İngiltərədə London Universitet Kollecindəki alimlərin sayı, eləcə də verilən təhsilin səviyyəsi ilə ölkəmizdəki ali təhsil müəssisələri arasında ziddiyyətli fərq mövcuddur. Hətta Cənubi Koreyada 6 aylıq kurslar var ki, bizim bəzi ali təhsil müəssisələrinin hazırladığı kadrlardan daha peşəkardırlar. Buna görə də yerli və xarici kolleclər arasında müqayisə apara bilmirik. Təəssüf ki, ölkəmizdəki kolleclər kadr hazırlığından çox əmək bazarına yarı ixtisaslaşmış kadrları doldurmaqdan  ibarətdir”.

 

“Azərbaycandakı kollec təhsilini Avropaya çatdırmaq üçün yarım əsr lazımdır”, -deyə E.Əfəndi vurğulayıb: “Azərbaycanda inkişaf etmiş ölkələrdəki kimi kolleclərin olacağını yaxın müddətdə görmürəm. Bizdən fərqli olaraq digər ölkələrdə kollec, orta ixtisas təhsilindən yuxarı səviyyədə qərarlaşıb. Xarici kolleclər kimi təhsil müəssisəsi yaratmamışdan əvvəl proqram dəyişikliyi etməyimiz vacibdir. Xüsusən qanunvericilikdə müəyyən dəyişikliklər edilməlidir ki, kollec pilləsində verilən təhsil ən azından ali təhsilə çatdırılsın. Bunun üçün də müasir kollec yaradılmalı, ictimaiyyətin nəzərində kollec anlayışına birmənalı baxış aradan qaldırılmalıdır ki, əcnəbilər də ölkəmizdə oxumağa maraqlı olsunlar”.

 

Müsahibimiz qeyd edib ki, abituriyentlər kolleci universitetə qəbul olmadığı üçün çarəsiz vəziyyətdə seçir: “Kollec təhsilinə hələ də bizim cəmiyyət qeyri-ciddi yanaşır. Əksər abituriyent xüsusən də 11 illik kolleci ali təhsil ala bilmədiyi zaman seçir. Belə bir halda nə kollecdə ixtisaslı kadrın formalaşdığnı, nə də kollecin verdiyi təhsilin keyfiyyətinin yaxşı olmasını deyə bilmərik. Abituriyentlər kolleci tramplin kimi istifadə edirlər. Subbakalavr dərəcəsi ilə bakalavra keçə bilirlər. Məhz bu səbəbdən kolleclərə qəbul əvvəlki illərlə müqayisədə artıb”.

 

Təhsil eksperti qeyd edib ki, cəmiyyət kollec təhsilini rəğbətləndirmir: “Kollec məzunu hər hansısa sahibkarın, eləcə də işverənin qapısını döydükdə işə qəbul məsələsi bir çox hallarda baş tutmur. Yaxud da, uzun müddət davam etmir. Yalnız pedaqoji yönümlü ixtisasları bitirən kollec məzunları rahat iş imkanları əldə edə bilirlər. Digər sahələr isə çox çətinliklə üzləşirlər”.