Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-08 13:53:00
Aqşinin anası: “Oğlumun İdman Akademiyasında oxumaq arzusu ürəyində qaldı”

Ötən gün Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində Azərbaycan tərəfindən erməni əsilli 32 şəxsin, Ermənistan tərəfindən isə 2 Azərbaycan hərbçisinin azad edilməsi barədə razılıq əldə edilib.

 

Əsirlikdən azad edilən azərbaycanlı hərbçilərdən biri Aqşin Bəbirovdur.

 

AzEdu.az Təhsil Portalı Aqşin Bəbirovun anası Dürdanə Bəbirova ilə əlaqə saxlayıb.

 

Həyəcan və sevincdən səsi titrəyən ana, oğlunun məktəb illərindən və təhsili ilə bağlı arzularından danışıb.

 

Bildirib ki, Aqşin təhsil aldığı müddətdə  oxuyan şagird olub:

 

“Sadəcə olaraq, maddi vəziyyətimiz yaxşı olmadığı üçün onu hazırlıqlara göndərmədim və nəticədə ali məktəbə qəbul ola bilmədi. Aqşinin həvəsi daha çox idman sahəsinə olduğu üçün karete, qaydasız döyüş və boksa gedirdi, öz üzərində daima çalışırdı. Ən böyük arzusu Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil almaq idi. Az öncə də qeyd etdiyim kimi, arzusu ürəyində qaldı”.

 

D.Bəbirova bir ana kimi Aqşin ilə hər zaman fəxr etdiyini söyləyib:

 

“Övladlarım hər zaman məndən çəkinən uşaqlar olub. Aqşin 2-ci övladımdır. Böyük övladım isə qızdır. Sakit, eyni zamanda sözəbaxan uşaqdırlar. Aqşin çox böyük ürəyə sahib olan oğuldur. Hansısa dostunun bir söhbəti olsa, yeməyini belə yarımçıq qoyub tez ora gedirdi. Elə olanda mənə deyirdi ki, “ana mən gedib sülh yaradıram”. O qədər sevgi dolu uşaq idi ki, heç kimi incitməzdi”.

 

 

Müsahibimiz Aqşinin müəllimləri və dostları arasında hər zaman sayılıb-seçilən biri olduğunu qeyd edib:

 

“Aqşin Ramana qəsəbəsi, Südçülük Sovxozu 137 nömrəli tam orta məktəbi bitirib. Məktəbin müəllimləri onu çox istəyirdilər. O, demək olar ki, bütün müəllimlərin sevgisini qazanmışdı. Bütün kənd camaatı deyir ki, “Aqşin kişi kimi oğuldur”.  Adı gələn yerdə uşaqdan-böyüyə hər kəs müsbət danışmağa başlayırdı.

 

Bir valideyn kimi oğlumu hazırlıqlara qoyub, təhsilinə dəstək olmalıydım. Çox təəssüf edirəm ki, buna nail ola bilmədim. Amma sevinirəm ki, övladlarımı qürurla böyütmüşəm. Bütün dostları, tanışları bu çətin günlərdə Aqşini soruşmaq üçün daima bizimlə əlaqə saxlayırlar. Hətta onun gəlişi üçün 25 qurban deyiblər. Bir ana kimi övladlarımla fəxr edib, qürur duyuram. Başda cənab Prezident İlham Əliyeva minnətdarlığımı bildirirəm. Dəmir yumruğunu bir daha sıxıb,  bütün dünyaya sübut etdi. Bu günə çox şükürlər olsun”.