Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-13 17:22:46
IX Bakı Beynəlxalq Kitab Sərgisində təqdimat keçirilib

Xalq yazıçısı Elmira Axundovanın IX Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində "Zərifə və Heydər Əliyevlər - Əbədiyaşar məhəbbət” və "Dövlət keşiyində" kitablarının təqdimat mərasimi keçirilib.

 

AzEdu.az xəbər verir ki, tədbirdə çıxış edən "Şərq Qərb" nəşriyyat evinin baş redaktoru Nərgiz Cabbarlı Elmira Axundovanın Heydər Əliyev irsinin öyrənilməsi istiqamətində çox böyük işlər gördüyünü bildirib.

 

O, “Zərifə və Heydər Əliyevlər - Əbədiyaşar məhəbbət” kitabının oxucuya yaxın bir dildə yazıldığını diqqətə çatdırıb.

 

Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev haqqında çoxlu kitablar yazılıb, yalnız Elmira xanımın yazdığı əsərlər fərqlidir: "O kitablar zərif və gözəl üslubda yazılıb". "Kitabların təqdimatının Heydər Əliyevin 100 illiyində keçirilməsi çox əlamətdar hadisədir. Həmçinin qeyd etmək istərdim ki, Elmira xanımı Heydər Əliyevin salnaməsi hesab etmək olar", - deyə Səlim Babullaoğlu əlavə edib.

 

“Zərifə və Heydər Əliyevlər - Əbədiyaşar məhəbbət” kitabında Zərifə və Heydər Əliyevlərin boya-başa çatdığı ailələrindən, uşaqlıq və gənclik illərindən, həyatın bütün çətinliklərinə birgə sinə gərməyə kömək edən əbədiyaşar məhəbbətindən söhbət açılır.

 

"Dövlət keşiyində" əsəri isə Heydər Əliyevin təhlükəsizlik orqanlarında fəaliyyətindən bəhs edir.

 

Xalq yazıçısı Elmira Axundova kitabların yaranması haqqında danışıb. O, uzun illər ərzində Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinin tədqiqatçısı kimi dahi rəhbər barədə çoxlu sayda kitab ərsəyə gətirdiyini bildirib.

 

Sonra tədbir sual-cavab formatında davam edib.