Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-30 12:03:00
“Deputatların təhsili”: Musa Qasımlı harada oxuyub?  

Media və sosial şəbəkələrdə son zamanlar deputatların ali təhsil məsələsi müzakirə edilir. İddialar dolaşır ki, bəzi deputatlar ya özəl universitetlərdə təhsil alıblar, ya da tanınmayan xarici dövlətlərdən diplom əldə ediblər, lakin əksini iddia edənlər də var.

 

AzEdu.az olaraq bu iddiaları nəzərə alıb deputatların təhsil həyatını özlərindən öyrənib “Deputatların təhsili” layihəmizi silsilə müsahibələrlə təqdim edirik.

 

Budəfəki müsahibimiz Milli Məclisin deputatı Musa Qasımlı  haqqındadır.

 

Deputat, ilk növbədə, orta və ali təhsil aldığı müddətdə yaddaşında iz qoyan hadisələrdən söz açıb :

 

“Yardımlı rayonunun Hamarkənd kənd orta məktəbini tərifnamə ilə bitirdim. Uşaqlıqdan tarixçi olmaq istəmişəm. Orta məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinin Tarix fakültəsinə qəbul imtahanı zamanı ixtisas fənnindən 5 (əla) qiymət alıb, yüksək balla qəbul olumuşam. Universiteti fərqlənmə diplomu ilə bitirmişəm. Tələbəlik illərindən yaddaşımda qalan çox hadisələr var: Azıx mağarasında qazıntılarda iştirak etmək, kəndləri gəzmək, qış tətili vaxtlarında “Dostluq qatarı” ilə müxtəlif şəhərlərə səfər etmək və s. M.F.Axundov adına kitabxanaya getmək adi günlərimizdən olub. Bəzi müəllimlərimin mühazirə zamanı dedikləri cümlələr indiyə qədər yadımdadır. İkisini söyləyim: “Azərbaycan tarixi”ndən mühazirə deyən professor Miryusif Mirhadıyev bir dəfə dedi ki, “Andranik türklərə xəyanət etdiyi üçün qulağını it küçüyü kimi kəsmişdilər”. İlk dəfə Andranik adını mən Miryusif müəllimdən eşitmişəm. “SSRİ tarixi”ndən dərs verən professor Əli Əliyev mühazirədə belə bir cümlə işlətmişdi: “Birinci Dünya müharibəsi illərində Rusiyada yüksək təbəqələr öz övladlarını hərbi xidmətdən yayındırmaqdan ötrü onları hərbi zavodlarda işə düzəldirdilər və onların övladlarına “ağ əlcəkli fəhlələr” deyirdilər”.

 

Deputat qeyd edib ki, tələbə vaxtı əlaçı olduğu üçün III kursdan fakültə həmkarlar təşkilatına sədr seçilib:

 

“70-ci illərdə SSRİ-AFR münasibətlərindən yazdığım diplom işinin bir fəsli Azərbaycanın iştirakı ilə bağlı idi və müdafiədə maraqla qarşılandı. 2 il staj tələb olunmadan  aspiranturaya sənəd vermək hüququma dair Elmi Şuranın zəmanətinin olmasına baxmayaraq, Yardımlı rayonunda müəllim işlədim. Sonra universitetin Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasının aspiranturasına qəbul oldum. Dinc yanaşı yaşamaq problemlərinə dair namizədlik dissertasiyası müdafiə etdim. 35 yaşım tamam olmamış “Azərbaycan beynəlxalq mədəni əlaqələrdə (1946-1991 illərdə)” mövzusunda doktorluq dissertasiyası işini müdafiə etdim. O zaman Moskva, Odessa, Tallin, Tbilisi və başqa şəhərlərdə elmi konfranslarda SSRİ-nin beynəlxalq fəaliyyətində Azərbaycanın iştirakına dair məruzələrlə çıxış etmişəm. Dövlət müstəqilliyinin bərpasından sonra tamamailə fərqli şərait yarandı”.

 

 

Müsahibimiz müxtəlif ölkələrdə dəfələrlə məruzələrdə çıxış etdiyini qeyd edib:

 

“İndiyədək dünyanın təxminən 30 ölkəsində 20-yədək kitabım, 100-dən çox məqaləm nəşr edilib. 1985–2023cü illərdə 50-dən çox beynəlxalq elmi konfransda-Orlando, San-Fransisko, Los-Ancelos (ABŞ), Plovdiv (Bolqarıstan), Krakov, Varşava (Polşa), Bilkent, İstanbul, Ankara, Elazığ, Ərzurum, İqdır, Ardahan, Trabzon, İzmir, Ədirnə, Bandırma, Əskişəhər, Uşak, Bitlis, Malatya, Kayseri, Kahramanmaraş, Giresun, Bayburt, Antalya, Alanya (Türkiyə), Moskva, Yekaterinburq, Nijni Novqorod, Rostov-Don, Qroznı, Mahaçqala (Rusiya), Tbilisi, Batum (Gürcüstan), Qazimaqosa, Lefkoşa, Girne (Kipr), Tehran, Təbriz (İran), Vilnüs (Litva), Odessa, Kiyev (Ukrayna), Türküstan, Astana (Qazaxıstan), Tallin (Estoniya), Amsterdam (Hollandiya), Frankfurt, Köln, Berlin, Dortmund, Bielefald, Hamburq (Almaniya), Skopye (Şimali Makedoniya), Vyana (Avstriya), Budapeşt (Macarıstan) və b. Ölkələrdə dəfələrlə məruzələrlə çıxış etmişəm. Dünyanın 54 ölkəsində tədqiqatçılar əsərlərimə 297 dəfə istinad ediblər. Təkcə ötən həftənin hesabatına görə, dünyanın 36 ölkəsindən 739 şəxs mənim kitab və məqalələrimi oxuyub. Düşünürəm ki, bu, Azərbaycan tarix elminin uğurudur”.

 

Son olaraq M.Qasımlı xoş təəssüratlarla dolu anlarını dilə gətirib:

 

“Hiss və duyğularsız insan yoxdur. Təbii ki, mənim də duyğulandığım, özüm də bilmədən gözlərimdən sevinc yaşlarının axdığı anlar olub. Bunlardan birincisi 2018-ci ildə ölkəmizin həyatında baş verən böyük ictimai-siyasi hadisə zamanı, ikincisi cənab Prezident İlham Əliyev Şuşa şəhərinin işğaldan azad edilməsi xəbərini verərkən, üçüncüsü isə Xankəndidə cənab Prezidentin millətimizə müraciəti zamanı olub”.