Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-30 09:32:00
Növbəti illərdə buraxılış imtahanlarının 2 dəfə keçirilməsi nəzərdə tutulur

Məlum olduğu kimi, abituriyentlər ali məktəblərə qəbul olmaq üçün 1 dəfə buraxılış, 2 dəfə (könüllü)  isə blok imtahanında iştirak edirlər.

 

Abituriyentlərdən bəziləri düşünür ki,  blok imtahanı kimi buraxılış imtahanları da 2 dəfə keçirilsə, daha yüksək nəticələr əldə edə bilərlər.

 

Bəs görəsən, gələcəkdə buraxılış imtahanlarının iki dəfə keçirilməsi ehtimalı varmı? Bunun abituriyentlərə nə kimi faydaları ola bilər?

 

Mövzu ilə əlaqədar təhsil eksperti Ramin Nurəliyev AzEdu.az-a açıqlama verib.

 

Ekspert bildirib ki, buraxılış imtahanlarının iki dəfə keçirilməsinin abituriyentlər üçün müsbət cəhətləri çoxdur: “Onlar birinci buraxılış imtahanında zəif nəticə göstərsələr, yaxud iştirak edə bilməsələr, o halda  ikinciyə daxil ola bilərlər. Lakin Dövlət İmtahan Mərkəzinin imtahan cavablarını yoxlama prosesi buna imkan vermir. İmtahan nəticələri 21-25  gün ərzində açıqlanır. Əgər 1-ci buraxılış imtahanı mart - aprel ayında, ikincisi may ayında keçirilsə, nəticələr blok imtahanlarına yaxın müddətdə açıqlanacaqdı. Əgər buraxılış imtahanları əvvəlki illərdəki kimi təşkil olunsaydı, o halda iki dəfə keçirilməsi düzgün hesab olunar”.

 

R.Nurəliyevin sözlərinə görə bəzi qeyri-rəsmi mənbələrdən əldə olunan məlumata əsasən buraxılış imtahanının iki dəfə keçirilmə ehtimalı  var: “Obyektivlik cəhətdən iki dəfə keçirilməyini düzgün qəbul etmirəm. İmtahan sualları hər dəfə yenidən tərtib olunsa da yenə də  aralarında müəyyən eynilik olur.  Qəbul imtahanlarında abituriyentlər bir-birləri ilə rəqabətdə olurlar. Birinci buraxılışdan 250 bal toplayan abituriyent ikinci üçün narahatlıq hiss edəcək. Əgər suallar nisbətən  asan olsa, rəqiblərindən biri onun yerinə keçəcək. Ona görə də obyektivlik baxımından bunu düzgün qəbul etmirəm”.

 

 

Həmsöhbətimiz vurğulayıb ki, dünyanın heç bir yerində abituriyentlərin bizdəki kimi problemləri yoxdur: “İmtahanlar martda başlayır, sonrakı aylarda cavablar, apellyasiya nəticələri, blok imtahanılarının birinci ikinci cəhtləri, rus bölmələri üçün Azərbaycan dili imtahanı, qabiliyyət imtahanıları, sənəd qəbulu və yerləşmə nəticələri də daxil olmaqla mart ayından başlanan proses  sentyabr ayında yekunlaşır. Həmin müddət ərzində həm abituriyentlər, həm valideynlər,  həm də müəllimlər stress keçirirlər”.

 

Ekspert təklif edib ki, XXI əsrdə imtahan nəticələrinin yoxlanmasında insan əli iştirak etməməlidir: “Nəticələrin yoxlanması üçün elektron sistem qurulmalıdır. Yazı bacarığı tələb edən sualları test formasında tərtib etməklə şəffaflığın da  təmin olunmasına zəmin yaratmış olarıq. İmtahan nəticələri 1 aya açıqlanmamalıdır. Şagirdlər 1 ay müddətində qarşıdakı imtahana stress içində hazırlaşırlar.  Bu isə onların birbaşa psixologiyalarına mənfi təsir göstərir”.