Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-26 11:36:00
Müharibədə iştirak edən tələbə: “Qarabağı bir üzük, Şuşanı isə onun tək qaşı kim təsəvvür edirəm”

Hərbi xidmətə yollanmaq, vətənin hər bir qarış torpağının alınmasında yaxından iştirak etmək  vətəndaşlarımızın arzusudur. Vətənini sevən, ona bağlı olan  minlərlə gənc II Qarabağ müharibəsində torpaqlarımızın azadlığı uğrunda öz missiyasını layiqincə yerinə yetirdi.

 

Müharibədə iştirak edənlərdən biri də Bakı Ali Neft Məktəbinin magistr tələbəsi Elxan İsayevdir. O, xidmət etdiyi N saylı hərbi hissənin əsgərləri arasında yeganə müharibə iştirakçısıdır.

 

AzEdu.az-a açıqlama verən Elxan İsayev müharibədə gördüyü hadisələri və yaşadığı hisləri bizimlə bölüşüb.

 

Müsahibəni təqdim edirik:

 

- Elxan bəy, özünüzü oxucularımıza təqdim edərdiniz zəhmət olmasa.

 

Mən, İsayev Elxan Zahid oğlu. Orta təhsilimi Bakı şəhəri Nəsimi rayonu 151 saylı tam orta məktəbdə almışam. 2012-ci ildə həmin məktəbdən məzun olaraq, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olmuşam. Təhsilimi  Bakı Ali Neft Məktəbinin Biznesin idarə edilməsi (Ümumi təyinatlı) ixtisası üzrə davam etdirirəm. Hazırda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Media və Kommunikasiya idarəsinin Media şöbəsində müfəttiş vəzifəsində çalışıram.

 

- İllər sonra təhsilinizi davam etdirmək fikrinə necə gəldiniz?

 

- Təhsilimi inkişaf etdirmək barədə daim düşünürdüm.  Bu illər ərzində bir çox yerli və beynəlxalq sertifikatlar əldə etmişəm. Lakin BANM-dəki təhsilin keyfiyyəti ilə bağlı məlumatlar əldə etdikdən sonra təhsilimin ikişafı yolunun buradan keçməsi qərarına gəldim.

 

- Əlimizdə olan məlumatlara əsasən II Qarabağ müharibəsində iştirak etmisiniz...

 

- Bəli, 2020-ci ilin yanvar ayında müddətli həqiqi hərbi xidmətə çağırıldım. 44 günlük Vətən müharibəsinin ilk  günlərindən sürücü vəzifəsində öz döyüş tapşırığımı yerinə yetirdim. Qeyd edim ki, xidmət etdiyim N saylı hərbi hissənin əsgərləri arasında  yegənə müharibə iştirakçısıyam.

 

- Müharibənin başlamasından xəbər tutanda nə hislər keçirdiniz?

 

- Əslində xidmətdə olduğum zaman daim təlimlərdə iştirak edirdim. Təlimlər zamanı insan ruhən özünü döyüşə hazır vəziyyətdə hiss edir. Müharibənin başlayacağını biləndə isə çox qarışıq hisslər keçirirdim, amma hər gün düşmən üzərində qalibiyyətimizi gördükdə özümü daha yenilməz və qürurlu hiss edirdim.

 

- Həmin ərəfələrdə ekstrimal vəziyyətlə üzləşdiyiniz olub?

 

- Müharibə bölgəsində olmaq hər bir ekstrimal vəziyyətə hazır olmaq deməkdir. Amma bir neçə dəfə həyati riskli anlarla qarşılaşmışam.

 

- O anları bizimlə bölüşə bilərsiniz?

 

- Bəli, noyabrın 5-i bizə Şuşaya gedəcəyimizlə bağlı tapşırıq gəldi. Səhər sübhdən Xocavənd rayonu Böyük Tağlar deyilən ərazidən meşəyə daxil olmalı idik. Lakin gecə leysan olduğu üçün meşəyə daxil olmaq çətin və riskli idi.  İndiki Zəfər yolu adlandırılan yol həmin vaxt yox idi, ümumiyyətlə orada balaca cığır belə yox idi. Sürücü olduğum üçün bütün heyətin məsuliyyəti mənim üzərimdə idi.  Amma həmin an beynimdə, ancaq Şuşanı görmək arzususundaydım. Bunun üçün bütün məsuliyyəti öhdəmə götürməyə hazır idim. Biz meşəylə təxmini 10 saata yaxın yol qət etdik və nəticədə Daşaltı kəndinə çatanda Şuşanın gözəlliyinin heyranlıqla qıraqdan izlədik. Şuşanın deyilənlərdən də gözəl olduğunu gözlərimlə görmək çox gözəl hisdir.

 

- Bəs Şuşanın azad olunması xəbərini alanda nə hiss etdiniz?

 

- Əlbəttə ki, çox qürurverici hislər idi. Ən çox sevinci Şuşaya gedəcəyimi biləndə yaşamışdım. Ümumiyyətlə, hər azad olunan torpağımıza  gedəndə özümü çox xoşbəxt hiss edirdim. Çünki biz məktəbdə oxuyanda rayonlarımızın işğal olunmasını tarixi qan yaddaşımız kimi öyrənirdik. Uşaqlıqdan həmin torpaqları görmək mənə maraqlı gəlirdi. Düşünürdüm ki, görəsən biz də oraları nə zamansa görə biləcəyik? Müharibədə həmin tarixi anların şahidi olduqca sevinc hisslərimin həddi hüdudu yox idi.

 

- Siz müəllim olsaydınız Şuşanı şagirdlərinizə necə təsvir edərdiniz?

 

- Qarabağı bir üzük, Şuşanı isə onun tək qaşı kim təsəvvür edərdim.

 

- Müharibə dövründə unuda bilmədiyiniz, sizə emosional təsir edən hansısa hadisə ilə qarşılaşmısınız?

 

Bir neçə belə hadisə var. Müharibə zamanı sürücü olduğum üçün hər gün müxtəlif yerlərdə olurdum və tanımadığım fərqli insanlarla tanış olurdum. Lakin onlardan bəzilərinin şəhidlik zirvəsinə ucaldığını eşidəndə kədərlənirdim...

 

Daha sonra, Cəbrayıl azad olunanda döyüş heyətimizdən bir zabit öz ata yurdu evlərini tapanda keçirdiyi hislərə şahid olmuşdum. O anlar unudulmaz idi..

 

- Yəqin ki, maraqlı hadisələrlə də qarşılaşmısınız. Onlardan birini bizimlə bölüşə bilərsinizmi?

 

- Biz Şuşaya gedəndə bir zabit yoldaşımız xahiş etmişdi ki, ora çata bilsək ata yurdunu tapaq. Çatanda gecə qaranlq idi. Bir ev tapıb orada gecələdik. Səhər açılanda təsadüfən həmin yoldaşın ata evində gecələdiyimizi bildik. Bu zaman çox fərqli hislər keçirmişdim.

 

- Hərbi xidməti başa vurduqdan sonra həyatınıza adaptasiya olmaqda hər hansısa çətinliklə üzləşmədiniz ki?

 

- Xeyr, elə bir problemlə rastlaşmadım.

 

- Son olaraq, Elxan bəy, gələcək hədəfləriniz hansı istiqamətdədir?

 

- Hazırda magistratura pilləsi üzrə təhsilimi inkişaf etdirmək, bilik və bacarıqlarımı artırmaqla işlədiyim yerdən və vəzifədən asılı olmayaraq vətənim, millətim və dövlətim üçün xidmət etmək mənim əsas hədəflərimdəndir.