Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-16 10:30:00
Sessiya imtahanlarında test üsuluna keçilir ?

Məlum olduğu kimi, bir sıra ali təhsil ocaqlarında sessiya imtahanları şifahi və yazılı formada təşkil olunur.

 

Bəzən bu proses tələbələrin narazılığına səbəb olur. Onlar təklif edirlər ki, sessiya imtahanlarında qeyri-ixtisas fənləri test üsulu üzrə aparılsın.

 

İstər ixtisas, istərsə də qeyri-ixtisas fənlərinin test üsulu ilə aparılması nə dərəcədə adekvatdır?

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən Bakı  Mühəndislik Universitetinin Elmi işlər üzrə prorektoru, təhsil  eksperti Elçin Süleymanov bildirib ki, bütün fənlərə test üsulunun tətbiqi əlverişli deyil:

 

 “Bir neçə ildir ki, müəyyən subyektiv və obyektiv səbəblərdən ali təhsil məktəbləri test üsuluna keçib. Bu üsul covid pandemiyası dövründə ən uyğun metod hesab olunurdu. Amma düzünü desəm, bütün fənlərin imtahanı üçün test üsulu əlverişli hesab edilmir”.

 

Ekspertin sözlərinə görə, test üsulu fənlərin mahiyyətinə görə tətbiq oluna bilər:

“Dünya təcrübəsində görürük ki, şifahi formada təşkil olunan imtahanlar üstünlük təşkil etmir. Bunun səbəbi isə həmin imtahanları xüsusi sənədləşdirmək, nəticələrini müyyən etmək böyük vaxt tələb edən məsələdir. Yazı və test üsulunun tətbiqi isə müəyyən müddətdir ki, qorunub saxlanılır. Bütün fənlərin test formasında keçirilməsinin əleyhinəyəm. Çünki fənlərin mahiyyətində fərqlər mövcuddur. Tələbələrin müəyyən mövzuda sərbəst fikirlərini ifadə etməsinə şərait yaradılmalıdır. Bu səlahiyyəti kafedralara, fənni tədris edən müəllimlərə buraxmaq lazımdır”.

 

Müsahibimiz qeyd edib ki, univeristetlərdə hər iki üsulun tətbiq edilməsi son dərəcədə vacibdir:

 

 “Müəllimlər ilin əvvəlində sillabusu fənnin mahiyyətinə görə qərarlaşdırmalıdır. Əsas məqsəd həm imtahanın obyektiv qiymətləndirilməsi, həm də həmin fənnin mənimsənilməsinin təşkilidir. Bəzən test üsulu ilə fənnin mənimsənilməsi mümkün olmur. Hesab edirəm ki, tələbələrin şikayəti yersizdir. Hər iki üsul universitetlərdə tətbiq edilməlidir” - deyə vurğulayıb.

 

Esmira Əliyeva