Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-14 15:51:51
Füzulidə “Qalib ordu –Azad şəhər” adlı sərgi açılıb

Füzulidə “Qalib ordu –Azad şəhər” adlı tədbir-sərgi keçirilib. Sərgi Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə gerçəkləşib.

 

AzEdu.az xəbər verir ki, tədbirdə Füzuli Rayon İcra Hakimiyyətinin nümayəndəsi, şəhid ailələri, veteran və qazilər, Füzuli rayon Mədəniyyət işçiləri, Füzuli rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları, məktəblilər və digər qonaqlar iştirak ediblər.

 

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edənlər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və müzəffər Ordumuzun gücü sayəsində əldə olunan Qələbədən danışıblar. Bildirilib ki, Vətən uğrunda canlarını fəda edən şəhidlərimiz öz qəhrəmanlıqları ilə gələcək nəsillərə örnək olmaqla əbədi yaddaşlara həkk olunub və onların xatirəsi hər zaman anılır. 

 

Həmçinin qeyd edilib ki, Füzuli rayonu şəhidlərinə məxsus olan 493 ədəd əşya muzeyin əsas fonduna daxil edilib. Bu əşyalar hər ilin əlamətdar günlərində sərgi şəklində ziyarətçilərə nümayiş etdirilir. Növbəti il üçün isə II Qarabağ müharibəsi şəhidlərinə məxsus daha 82 ədəd əşyanın qəbulu və yeni əşyaların toplanması nəzərdə tutulur.

 

Daha sonra sərgiyə baxış keçirilib. Muzeyin əsas fondunda yer alan Füzulinin işğaldan əvvəlki görüntülərini əks etdirən fotolardan və işğaldan azad edilmiş ərazilərimizdən tapılan maddi-mədəniyyət nümunələrindən ibarət, eyni zamanda, Füzulinin azadlığı uğrunda canlarından keçən şəhidlərimizin şəxsi əşyaları, sənədləri və fotoları nümayiş olunub. Həmçinin Füzuli rayonunun işğaldan sonrakı görüntülərini əks etdirən “Azad Füzuli” adlı videoçarx təqdim edilib.