Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-12 10:58:00
 Sərt tənqid: “Uşaqların beyni lazımsız informasiya ilə yüklənməməlidir!”

Məktəbəhazırlıq qrupları ölkənin bütün şəhər və rayonlarında, müvafiq maddi-texniki bazası və kadr potensialı olan məktəblərdə təşkil olunur. Dövlət ümumtəhsil məktəblərində yaradılmış məktəbəhazırlıq qruplarına 5 yaşı həmin il tamam olmuş uşaqlar qəbul olunurlar.  Və həmin qruplarda təhsil dövlət hesabına həyata keçirilir. 

 

Sosial şəbəkələrdə bir çox valideyn məktəbəhazırlıq qruplarının bəzi məktəblərdə mövcud olmamasına ciddi narazılıqlarını bildirib. Hətta onlar qeyd edir ki, övladları həmin qruplara getmədiyi üçün 1-ci sinifə götürülməyə bilər. Çıxış yolu olaraq isə onları daha kiçik yaşdan fərdi ya da repetitor hazırlığına qoyurlar.

 

Bəs səslənən bu fikirlər nə dərəcədə doğrudur?

 

Mövzu ilə bağlı AzEdu.az-a danışan  məktəbəqədər təhsil üzrə mütəxəssis Xalidə Musayeva bildirib ki, ümumtəhsil müəssisələrində məktəbəhazırlıq qruplarının yaranması bağçaların sayının az olmasından irəli gəlir:

 

“Məktəbəhazırlıq qrupları həm bağçalarda, həm də məktəblərdə mövcuddur. Haqqında bəhs etdiyimiz qrupların məktəblərdə açılmasının əsas səbəbi bağçaların sayının az olması ilə əlaqədardır. Bu səbəbdən, təhsil ocaqlarında məktəbəhazırlıq qrupları açılaraq uşaqların ən azından 1 il müddətində məktəbə adaptasiya olmalarına zəmin yaradır. Bu zaman uşaqlara ilkin həyatı bacarıqlar verilir.  Müşahidələr onu göstərir ki, 1 il müddətində hazırlıq keçən uşaqlarda sağlam düşüncə formalaşır. Bununla yanaşı, idrak və nitq bacarıqlarının formalaşmağında da məktəbəhazırlıq qruplarının rolu böyükdür”

 

Mütəxəssis daha kiçik yaşdan övladını ağır dərslərlə yükləyən valideynləri qınayıb:

 

“Valideynləri daima maarifləndirməyə ehtiyac var. Onlar bilməlidir ki, övladlarına təkcə biliyin deyil, həyatı bacarıqların da verilməsi çox vacib nüansıdr. Uşaqlar yazı yazmağı I sinifdə öyrənməlidir. Məktəbəhazırlıq qrupların proqramında yazı yoxdur. Sadəcə ilkin oxu bacarıqları, ümumi olaraq  nitq və səs bacarıqlarının üzərində işlənilir. Amma bəzi valideynlər bunu başa düşmürlər. Anlamırlar ki, övladlarının əlindən uşaqlığını alaraq, həyatlarını məhv edirlər. 4-5 yaşında uşaq oyun oynamalıdır. Kiçik yaşdan uşaqların dərslərlə, lazımsız informasiyalarla yüklənməsi onların psixologiyasına da təsir edir və müəyyən travmalar yaradır. Nəticədə onlar gələcəkdə məktəbə, dərsə nifrət etməyə başlayırlar”.

 

 

X. Musayeva qeyd edib ki, məktəbəhazırlıq qruplarının ümumtəhsil müəssisələrində olub-olunmaması ehtiyaca görə müəyyən olunur:

 

“Az öncə də qeyd etdiyim kimi, bu həmin ərazidə yerləşən bağçaların sayından asılıdır. Əgər bağça sayı azdır və uşaqlar kənarda qalırsa, onda təhsil ocaqlarında məktəbəhazırlıq qrupları yaradılır. Məktəbəhazırlıq qruplarındakı uşaqlar növbəti il sistemdən çıxarılaraq I sinifə qəbul olunurlar. Məktəbəhazırlıq qrupuna getməyən uşaqların I sinifə qəbul edilməməməsi ilə bağlı yayılan şaiələr həqiqəti əks etdirmir. Əgər belə bir fakt varsa, mütləq şəkildə müvafiq qurumlara şikayət edilməlidir”.

 

 

Esmira Əliyeva