Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-09-04 12:04:00
İntiharlar cavanlaşır! - Qarşısı necə alınmalı? - Yolu göstərildi

Yeniyetməlik böhranı məktəb həyatı ilə müstəqil həyatın sərhddində baş verir. Yeniyetmələrə həm valideynlər, həm müəllimlər, həm də ətraf tərəfindən emosional təzyiq göstərilir. Bu da onlarda gərginlik yardır. Son bir neçə gündür ki, 15-16 yaşlı qızların intihar xəbərləri dərc olunur. Bu halların tez-tez, həm də eyni zaman kəsiyində baş verməsi SOS siqnalına əsas yaradır.

 

Məsələ ilə bağlı AzEdu.az-a danışan Azərbaycan Psixologiya Akademiyasının psixoloqu Səbinə Cəbrayılova intihara meyilli şəxslərin psixi vəziyyəti, valideynlərin üzərinə düşən öhdəliklərə aydınlıq gətirib:

 

“Böhranın əsas simptomları hormonal dəyişiklik, özünü isbat etmək istəyi, öz yaşıdları ilə şəxsi intim münasibət qurma istəyi kimi qeyd olunur. Və bu dəyişiklik zamanı, bu istəklərin həyata keçirilməsində bir sıra maneələrlə qarşılaşan zaman ətrafdakılar ilə (pedaqoq və valideynlərlə) konflikt yaranır. Bu yaşda “Mən” konsepsiyası qabarıq şəkildə özünü göstərir, özü haqqında fikirləri formalaşır. “Mənim qərarım”, “Mənim öz fikrim var”, “Məni heç kim başa düşmür” və s. Yeniyetmələrin əsas fəaliyyət isiqaməti ünsiyyət, avtoritet isə nə valideyn və müəllim, özü və ətrafı olur. Əgər 1,3,7 yaşlarında yeniyetmə psixoloji travmalar alıbsa, yeniyetməlikdə partlayış olur, bu da neqativ pozuntularla özünü biruzə verməyə başlayır. Bu yaş mərhələsində şizofreniya da özünü göstərə bilər”.

 

Psixoloq sözügedən məsələdə valideynlərin üzərinə düşən öhdəlikləri də qeyd edib:

 

“Yeniyetmə övladınızı diqqətlə dinləyin. Hətta ən əhəmiyyətsiz şikayət və incikliklərə qarşı diqqətli olun. Ruhi böhran vəziyyətində hamımıza hər şeydən əvvəl bizi dinləməyə hazır olan bir kimsənin olması vacibdir. Sözlərin altında gizlənən problemləri anlamağa cəhd göstərin, emosional böhranın dərinliyini qiymətləndirin. Yeniyetmə dərin depressiyada olduğu halda hisslərə yer vermədən problemlərini gizlədə bilər. Yeniyetmənin niyyət və hisslərini dəyərləndirin. Əgər onun özünə qəsd etməklə bağlı planı varsa, vəziyyət dağınıq və qeyri-müəyyən planın olmasından daha kəskindir.

 

 

Birbaşa ondan özünə qəsd etmək istəyinin olub-olmadığını soruşmaqdan çəkinməyin. Təcrübə göstərir ki, bu sual nadir hallarda zərər verə bilər. Adətən yeniyetmə öz problemlərini açıq şəkildə danışmağa şad olur. Bu cür suallar və şərhlər intihar haqqında söhbətlərə və hazırki vəziyyətdə riskin səviyyəsini müəyyənləşdirməyə kömək edə bilər.

 

Yeniyetmələrdə əgər şagird əvvəlki kimi sosial fəallıq göstərmirsə, qiymətləri getdikcə daha da zəifləyir, aşırı dərəcədə alkoqol, siqaret və digər dərman preparatlarından istifadə edirsə, sinifdə digər şagirdlərə qarşı həddən artıq aqressiv davranırsa, digər şagirdlərə qarşı şiddət göstərirsə, məktəbdən yayınmalar və s. kimi hallar varsa, onlarıın bu davranışını nəzərdən qaçırmaq olmaz.

 

Əsas düşüncələr kimi çarəsizlik, neqativ düşüncə, hər şeyin sona gəldiyi, bitdiyi düşüncəsi, daxili aləminə nəzər yetirməyin itirilməsi, ünsiyyət qura bilməmək, özünəqapanma ya da həddən artıq qəzəb, həddən artıq şübhələnmək, yalan danışmaq, məktəbdən və ya evdən qaçmaq, sinir krizi, agressivlik, xəstəlik, qumar oynama, məktəbdə uğursuzluq, hisslər üzərində nəzarətin itirilməsi və s.”.

 

Müsahibimiz valideynlərin məlumatlı olması üçün intiharqabağı müşahidə olunan əlamətləri sadaladı:

 

“Başlıca amillər, intihar haqqında söhbətlər, mövzuyla əlaqədar qeyri-sağlam fantaziyalar, film və xəbərlərdə intihar epizodlarına xüsusi diqqətin yetirilməsidir. Həmçinin intiharla bağlı ədəbiyyatlar oxumaq, internetdə uyğun informasiyalarla bağlı məlumatlar əldə etmək, musiqi və rəsmlərə maraq göstərməkdir. Eyni zamanda həyat və ölüm haqqında çox danışmaq, öz lazımsızlığı və yarasızlığı haqqında düşüncələrdir. Bundan başqa, əhval-ruhiyyənin süst vəziyyətdən dəyişərək gücün artmasına gətirib çaxarması, təkliyə çəkilməkdir. Maskalanmış vidalaşma cəhdləri: yaxın insanlarla vərdiş olunmamış sevgi haqqında danışmaq, özünün bütün işlərini tez zamanda yekunlaşdırmaq cəhdidir. Əvvəllər heç vaxt ayrılmadığı, onun üçün əhəmiyyətli olan sevimli və qiymətli (maddi, mənəvi) əşyalarını dostlarına bağışlamaqdır. Yəni bu bəndlərdən məlum olur ki, intihara hazırlaşan şəxslər intihar haqqında informasiyanı sosial mediadan daha çox əldə edirlər. Bu səbəbdəndir ki, bu mövzunun sosial medialarda xüsusilə işıqlandırılması mənfi təsirə malik olaraq bu davranışı tətikləyir”.