Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-28 12:30:43
Peşə ixtisası üzrə bacarıq və səriştələr qiymətləndirilib

Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən “Mənzil təsərrüfat xidməti üzrə mütəxəssis” peşə ixtisası üzrə qeyri-formal və informal yollarla əldə edilmiş bacarıq, səriştə və təcrübələrin qiymətləndirilməsi həyata keçirilib.

 

TKTA-dan AzEdu.az-a bildirilib ki, praktiki imtahan zamanı ərizəçilər peşə ixtisasının müvafiq modulları üzrə hazırlanmış tapşırıqlar əsasında bacarıq və təcrübələrini nümayiş etdirib.

 

Qeyd edək ki, “Unico Production” MMC ilə TKTA arasında əməkdaşlıq çərçivəsində ərizəçilərin bacarıq və səriştələrinin qiymətləndirilməsi məqsədilə keçirilən praktiki imtahan şirkətin istehsalat bazasında təşkil edilib.

 

Agentliyin nümayəndəsinin sədrlik etdiyi Qiymətləndirmə Komissiyasının tərkibində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi qismində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədrinin müşaviri Fuad Mehdizadə, işəgötürən nümayəndəsi qismində “Ehram” MMC-nin direktoru Azər Əliyev, sahə üzrə müstəqil ekspert qismində isə Layihələr və Təşəbbüslər Mərkəzinin memar-dizayneri Elçin Aşurov və “UniPro” MMC-nin meneceri Murad Şükürov olublar.

 

Yekunda qiymətləndirmə prosesində yüksək nəticə göstərmiş ərizəçilər “Mənzil təsərrüfat xidməti üzrə mütəxəssis” peşə ixtisası üzrə sertifikatla təltif olunacaqlar.

 

Qeyd edək ki, qiymətləndirmədə iştirak edən ərizəçilər uzun müddət “Mənzil təsərrüfat xidməti üzrə mütəxəssis” peşəsi üzrə fəaliyyət göstərən şəxslərdir. Belə ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən təqdim edilən sertifikat həmin şəxslərin əmək bazarına inteqrasiyasında, məşğulluq imkanlarının genişləndirilməsində, eləcə də ömürboyu təhsildə iştiraklarının stimullaşdırılmasında əhəmiyyətli rol oynayacaqdır.