Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-02 16:23:00
Sertifikatlaşdırma inkişafa açıq düşüncəmizi formalaşdırır”

Xəbər verdiyimiz kimi, bu günlərdə “Təhsil haqqında” Qanuna dəyişikliklər təsdiqləndi. Dəyişikliyə əsasən müəllimlər 3 il işlədikdən sonra sertifikatlaşdırmada iştirak edə biləcəklər. Əvvəlki qanunvericiliyə əsasən isə bu müddət 5 il olub. Amma sertifikatlaşdırmanın 3 ilə endirilməsi daha çox müəllimin maddi və karyera cəhətdən stimullaşmasına şərait yaradacaq. Əlbəttə, müəllimlər də məlum dəyişikliyi alqışlayırlar.

 

AzEdu.az xəbər verir ki, Bakı şəhəri Nəsimi rayonu 111 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi işləyən Qönçə Ələkbərova yeni qərarla bu ilin avqust ayında sertifikatlaşdırma imtahanına qatılacağanı deyir:

 

"Sözügedən məktəbdə 1 ildir fəaliyyət göstərsəm də, müəllimlik fəaliyyətimə 2017-ci ildən Saatlı rayonu, Potubəyli kənd ümumi orta məktəbində başlamışam. Mənimlə eyni vaxtda işə qəbul olunanlar ötən il sertifikatlaşdırma imtahanına qatıldılar. Müəllimlərin işə qəbulu müsabiqəsində yeni iştirak etdiyim üçün həmin imtahanda iştirak edə bilmədim. Ancaq yeni qərar məni çox sevindirdi”.

 

Qönçə xanım sertifikatlaşdırma imtahanının gənc müəllimlər üçün faydalı olacağını düşünür:

 

“3 ildən bir imtahanlarda iştirak etməyin həm maddi, həm də motivasiya baxımından uğurlu qərar olduğunu düşünürəm. Mən də bundan faydalanacam, avqustun 31-də imtahanda iştirak edəcəyəm, maksimum nəticə toplayacağımı düşünürəm. Onu da deyim ki, 2022-ci ildə keçirilən MİQ imtahanlarında ölkə üzrə üçüncü olmuşam. Dəfələrlə imtahanlarda iştirak etmişəm. Hər iştirakım mənə nə isə qazandırıb.

 

Gələcək fəaliyyətim, bilgilərim, vaxtımı düzgün bölüşdürmək, öz imkanlarıma tənqidi yanaşma kimi xüsusiyyətlərimi inkişaf etdirməyimə kömək edib. Ona görə hesab edirəm ki, sertifikatlaşdırmada iştirak etmək müəllimlərin öz üzərində işləmələrinə səbəb olan amillərdəndir. Yeniliklərdən agah oluruq, inkişafa açıq düşüncəmizi formalaşdırır”.