Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-18 11:30:00
MİQ imtahanları DİM-ə verilə bilərmi...

Builki müəllimlərin işə qəbulu (MİQ) üzrə imtahanlarında istifadə olunmuş sualların quruluşu, məzmunu və mahiyyəti ilə bağlı çoxsaylı şikayətlər edilir. İmtahan iştirakçıları sosial şəbəkələrdə kütləvi şəkildə narazılıqlarını ifadə etməkdədirlər. Bir çoxları MİQ imtahanlarının keçirilməsinin DİM-ə (Dövlət İmtahan Mərkəzi) həvalə olunmasını təklif edir. Çünki DİM-in bu sahədə uzun illərdən gələn təcrübəsi ortadadır.
 

Sözügedən mövzu ilə bağlı fikir və təkliflərini AzEdu.az-la bölüşən təhsil eksperti Qoşqar Məhərrəmov deyir ki, MİQ imtahanlarının DİM-ə verilməsinin həll yolu olacağından əmin deyil:

 

“MİQ imtahanının keçirilməsindən sonra sualların quruluşu və məzmunu ilə bağlı çoxlu şikayətlər gəlir. Ümumi olaraq bir narazılıq havası var. Deyilənə görə, imtahan sualları çərçivəyə uyğun olmayıb, suallarda səhv var və bəzilərinin ümumiyyətlə düzgün cavabı yoxdu. Bundan əlavə, ifrat dərəcədə çətin suallar salınıb. Sualların faiz olaraq asan, orta, çətin bölgüsü düzgün şəkildə ortaya qoyulmayıb. Amma unutmamalıyıq ki, sertifikasiya imtahanını da eyni qurum keçirir. Sertifikasiyadan məmnundurlar, ancaq MİQ-dən deyil”. 

 

No description available.

Ekspert mövcud narazılıqların hansı zəmində olmasını öyrənmək üçün araşdırma aparmağı təklif edir:

 

“Əgər mövcud durumla bağlı şikayət varsa, bir tədqiqat aparılmalıdır. Bunu nazirlik özü və digər əlaqəli qurumlar edə bilər. Öncə imtahana girənlərin neçə faizinin imtahandan məmnun olduğu, ikinci olaraq isə şikayət edənlərin narazılıq səbəbləri öyrənilməli və əldə olunan datalar təhlil olunmalıdır. Sadəcə, qeybət xarakterli danışılanlarla bir qənaətə gəlmək olmaz”.

 

Müsahibimiz nazirliyin bu mövzuda xeyli təcrübəyə sahib olmasından söz açıb:

 

“MİQ imtahanlarının DİM-ə verilməsinə gəldikdə isə bunun həll yolu olması sual altındadır. Nazirlik bu məsələdə xeyli təcrübəyə sahibdir. Bəlkə də MİQ imtahanlarının sertifikasiyadan çətin olması niyyətli bir addımdır. Əgər həqiqətən də belədirsə, Təhsil İnsitutu bunun izahını verməlidir. Əgər başqa bir səhlənkarlıq varsa, artıq bu bir nöqsan hesab olunur. Buradan da belə bir sual meydana çıxır ki, sualları çətin salaraq daha keyfiyyətli müəllim götürə biləcəyikmi? Bundan əmin deyiləm. Ona görə də düşünürəm ki, nazirlik və Təhsil İnstitutu bir araşdırma aparmalı, bu araşdırmanın nəticəsində narazılıqların hansı zəmində olduğuna baxılmalıdır. Əgər kütləvi bir hal varsa, çıxış yolu axtamaq lazımdır”.

No description available.

Sabiq deputat Sona Əliyeva isə deyir ki, imtahanların hansı qurum tərəfindən keçirilməsindən asılı olmayaraq, önəmli olan prosesin ədalətli şəkildə həyata keçirilməsidir.

 

“Mahiyyətcə imtahanın hansı qurum tərəfindən keçirilməsinin fərqi yoxdu. Reallığı nəzərə alsaq, DİM-in əsas işinin imtahanların keçirilməsi və qiymətləndirmə, dəyərləndirmə, ölçmə olduğunu qeyd edə bilərik. Deməli DİM-in təcrübəsi çoxdur və təşkilatçılığı da yaxşı bacarır. 

Hansı qurumun daha faydalı olacağı ilə bağlı fikir bildirmək istəmirəm. Önəmli olan imtahanların ədalətli şəkildə həyata keçirilməsidir ki, insanlar narazı qalmasın. Çünki MİQ imtahanları həmin şəxslərin həyatında olduqca önəmli rola malikdir. Bu,  insanların iş həyatına və həyat keyfiyyətinə təsir edəcək bir məqamdır”.