Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-07-14 17:00:00
AzMİU-da Elmi Şuranın son iclası keçirilib

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Elmi Şuranın 2022/2023-cü tədris ilinin son iclası keçirilib. 

 

Bu barədə universitetdən AzEdu.az-a məlumat verilib.

 

Bildirilib ki, iclası açıq elan edən Universitetin  rektoru professor Gülçöhrə Məmmədova Şura üzvlərini salamlayıb, gündəlikdə duran məsələləri onların diqqətinə çatdırıb. Gündəlik Şura üzvləri tərəfindən təsdiq olunduqdan sonra tədris işləri üzrə prorektor professor Akif Qasımov 2022-2023-cü tədris ilinin yekunları barədə geniş hesabatla çıxış edib. Prorektor qeyd edib ki,  imtahan sessiyasının mövcud əsasnamələrə uyğun keçirilməsi ilə bağlı müvafiq əmrin tələbləri nəzərə alınmaqla bütün texniki-təşkilati işlər yüksək səviyyədə yerinə yetirilib. İmtahan prosesinin obyektiv keçirilməsi və tələbələrin biliklərinin hərtərəfli yoxlanılması üçün bütün şərait yaradılıb. Tələbə valideynlərinin,  KİV nümayəndələrinin iştirakı ilə imtahanlara ictimai baxış keçirilib. İmtahanların gedişinə nəzarət, yarana biləcək münaqişə və şikayətlərin yerindəcə həllini təmin etmək məqsədilə Apellyasiya Komissiyası və “Qaynar xətt” təşkil edilib. Tədris prosesi, payız və yaz semestri imtahanlarının təşkili, fakültə və kurslar üzrə keyfiyyət və kəmiyyət göstəricilərini iclas iştirakçılarının diqqətinə çatdırıb. Akif Qasımov tədris prosesində yeniliklər,  əldə edilmiş uğurlar barədə də  məlumat verib. 


 
Prorektorun hesabatı dinlənildikdən sonra Elmi Şura üzvlərinin, tədrislə bağlı müvafiq struktur rəhbərlərin məruzə ilə bağlı fikirləri dinlənilib, müvafiq qərarlar qəbul edilib. 

 

Daha sonra  Mühəndis sistemləri və qurğularının tikintisi kafedrasının müdiri, Elmi Şuranın qərarlarının yoxlanılması komissiyasının sədri professor Nurməmməd Məmmədovun hesabatı dinlənilib. Hesabatda Elmi Şuranın qərarlarının icra vəziyyəti haqqında geniş məlumat verilib. Sonra cari məsələlərə keçilib. 

 

Cari məsələlərdə Keyfiyyətə Nəzarət Mərkəzinin adının dəyişdirilməsi, Layihələrin idarə edilməsi kafedrasının yaradılması qərara alınıb. Elmi Şura Yeni yaradılmış Maliyyə, Əqli mülkiyyəttin idarə edilməsi və Layihələrin idarə edilməsi MBA proqramlarının tədris planları, 2022-2023-cü tədris ilində yaradılmış MBA proqramlarının tədris planları, Kompozisiya materialları, məmulatları və konstruksiya materialları magistr proqramı, Layihələrin idarə edilməsi, İnşaat mühəndisliyi, Mexanika mühəndisliyi, Texnoloji maşın avadanlıqları mühəndisliyi magistr proqramlarında edilmiş dəyişikliklərin  təsdiqləri ətrafında müzakirələrlə davam edib. 


İclasın sonunda rektor professor Gülçöhrə Məmmədova 2-6 iyul 2023-cü il tarixlərində Beynəlxalq Memarlar İttifaqının (BMİ) təşkilatçılığı ilə Danimarkanın Kopenhagen şəhərində keçirilən Ümumdünya Memarlar Konqresində AzMİU müəllim və tələbələrinin iştirakından danışıb. Rektor belə mötəbər konqresdə müəllim və tələbələrin iştirakının önəminə diqqət çəkib, digər fakültə və kafedraları da fəaliyyət istiqamətlərinə uyğun nüfuzlu konqreslərdə iştirak etməyə çağırıb.