Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-03 11:00:00
“Bu universitetlərimiz mütləq birləşdirilməli və şəhərkənarına köçürülməlidir” – Fazil Mustafaya cavab  

Milli Məclisin deputatı Fazil Mustafa parlament iclasında Azərbaycanda ali məktəblərin sayının azaldılmasını təklif edib. Deputat qeyd edib ki, universitetlərin çoxunu birləşdirmək lazımdır.

O, "Azərbaycanda bu qədər ali məktəbə, universitetə nə ehtiyac var?! Onların çoxunu birləşdirmək lazımdır. Əgər bu ali məktəblər, sadəcə, diplom almaq, diplom vermək üçün olacaqsa, o zaman nə təhsildən, nə də savaddan danışmağa dəyər. Bunlara son qoyulmalıdır”-, deyə bildirib.

Təhsil eksperti Etibar Əliyev AzEdu.az-a açıqlamasında deputatın fikirləri ilə razılaşdığını deyib.

Ekspert düşünür ki, indiki dövr üçün ölkədə  47 universitetin fəaliyyət göstərməsi çoxdur:

“Digər tərəfdən bir çox ali məktəblərdə, xüsusilə humanitar sahələrdə ixtisasların  təkrarına rast gəlirik. Universitetlərin birləşməsi və vahid şəkildə fəaliyyəti əlbəttə, təhsilin  keyfiyyətinə  təsir göstərə bilər. Məsələn, Bakı Slavyan Universiteti ilə Azərbaycan Dillər Universitetinin birləşməsi artıq günün tələbinə çevrilib. Azərbaycan Texniki Universiteti ilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti də birləşə bilər, hətta buna Azərbaycan Memarlıq və İnşaat Universitetini də əlavə etmək olar”.

Müsahibimiz qeyd edib ki, universitetlərin birləşməsi ilə yanaşı, həm də onların kənar ərazilərə köçürülməsi də aktualdır:

“Şəhərdəki sıxlıq, həmçinin, yataqxanaların olmaması tələbə sosiallaşmasının səviyyəsini çox aşağı salır. Sovetlər vaxtı universitetlərin  böyük yataqxanaları var idi və bu da sosiallaşmaq istiqamətində  ciddi əhəmiyyət kəsb edirdi. İndiki şəraitdə universitetlərin şəhərin mərkəzindəki mövcudluğu xeyli problemlər yaradıb – istər nəqliyyatda, istərsə də başqa sahələrdə.  Ona görə də düşünürəm ki, universitetlərin böyük  kampuslara  sahib çıxmaqla kənarda fəaliyyətinin də vaxtı çatıb. Bu , dünya  təcrübəsində də belədir. Bir çox hallarda,  universitetlərin reytinqindən danışılanda şübhəsiz ki, kampuslar da nəzərdə tutulur. Ancaq bizim universitetlərdə demək olar ki, kampus yoxdur və bu da onların reytinq göstəricisinə mənfi təsir göstərir”.

E.Əliyevin sözlərinə görə, ölkədə 30-a yaxın universitetin olması daha  yaxşı effekt verə bilər:

“Digər tərəfdən  Azərbaycan Müəllimlər İnstitutunun Azərbaycan Dövlət Pedaqoji Universitetinə  birləşməsinin effektini görmüşük. Artıq vahid universitet kimi fəaliyyət həm də yüksək bal toplayan  pedaqoji ixtisasları seçən tələbələri özünə cəlb edir. Hər halda, düşünürəm ki, 30-a yaxın universitetin olması daha  yaxşı effekt verə bilər. Bəzi ölkələrdə  özəl ali məktəblərə dövlət qayğısı var - elmi tədqiqatların, müəllim maaşlarının maliyyələşməsi və.s.  Bizdə bu olmadığı üçün özəl ali məktəblər rəqabət yarada bilmədi. Bu faktoru da nəzərə alsaq, universitetlərin  birləşməsi   gündəmdə duran vacib məsələdir”.