Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-23 09:22:29
Bu gün dövlət qulluqçularının GÜNÜDÜR

İyunun 23-ü Azərbaycanda dövlət qulluqçularının peşə bayramı kimi qeyd olunur.

AzEdu.az xəbər verir ki, dövlət qulluqçularının peşə bayramı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2006-cı il 25 may tarixli sərəncamı ilə təsis edilib.

Dövlət xidmətinin demokratik, hüquqi və dünyəvi dövlətin yaradılmasındakı rolu və BMT Baş Məclisi tərəfindən iyunun 23-nün Birləşmiş Millətlər Təşkilatının Dövlət Qulluğu Günü elan edilməsi nəzərə alınaraq, bu tarix Azərbaycanda dövlət qulluqçularının peşə bayramı günü elan edilib.

Azərbaycanda dövlət qulluğu sahəsində reallaşdırılan islahatların ən mühüm nəticələrindən biri 2000-ci il iyulun 21-də “Dövlət qulluğu haqqında” Qanunun qəbul edilməsidir. Həmin Qanunla Azərbaycanda dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasının əsası qoyulub, bu sahədə kadr siyasətinin əsas prinsipləri, dövlət qulluqçularının cəmiyyətdəki yeri, onların hüquq və vəzifələri müəyyənləşdirilib. “Dövlət qulluğu haqqında” Qanun qəbul edildikdən sonra mütəmadi olaraq təkmilləşdirilib, 180-dən artıq dəyişiklik edilib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü il yanvarın 1-nə ölkədə dövlət qulluqçularının sayı 27,1 min nəfər olub ki, onların da 29,4 faizini qadınlar təşkil edir. Dövlət qulluqçularının 7,1 faizi dövlət orqanlarında inzibati vəzifələrin ali - 3-cü təsnifatları, 3,5 faizi 4-cü təsnifatı, 11,3 faizi 5-ci təsnifatı, 8,3 faizi 6-cı təsnifatı, 47,1 faizi 7-ci təsnifatı, 22,7 faizi isə dövlət qulluğunun yardımçı vəzifələri üzrə işləyir.

Dövlət qulluqçularının 7,9 faizi 1 ilədək, 24,1 faizi 1 ildən 5 ilədək, 22,9 faizi 5 ildən 10 ilədək, 18,4 faizi 10 ildən 15 ilədək, 26,7 faizi isə 15 il və daha çox qulluq stajına malikdir.

Dövlət qulluqçularının 2,8 faizini 25 yaşadək, 14,4 faizini 25-29 yaşda, 17,3 faizini 30-34 yaşda, 15,7 faizini 35-39 yaşda, 12 faizini 40-44 yaşda, 9,1 faizini 45-49 yaşda, 7,7 faizini 50-54 yaşda, 9,3 faizini 55-59 yaşda, 10 faizini 60-64 yaşda, 1,7 faizini 65 və yuxarı yaşda olan şəxslər təşkil edir.

2022-ci ildə dövlət qulluqçularının orta aylıq nominal əməkhaqqı əvvəlki ilə nisbətən 40,1 faiz artaraq 1785,1 manat təşkil edib.