Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-22 11:23:53
Sertifikasiyada 30 bal yığanlar sevinir, 50 bal yığanlar kədərlənir - SƏBƏB

Müəllimlərin sertifikasiyası hazırda təhsil ictimaiyyətinin əsas gündəm mövzusudur. Bu da səbəbsiz deyil. İyunun 20-dən dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinə başlanılıb. 


Ölkənin 13 müxtəlif şəhəri üzrə 23 imtahan mərkəzində təşkil olunmuş prosesə ümumilikdə 28000-dən çox müəllim cəlb edilib.


20-23 iyun tarixlərində 20000-ə yaxın ibtidai sinif, 24 iyun tarixində 8500-dən çox Azərbaycan dili və ədəbiyyat müəllimi sertifikatlaşdırmanın test imtahanı mərhələsinə cəlb olunacaq. 


Test imtahanı mərhələsində 120 dəqiqə müddətində tədris olunan fənn üzrə ümumtəhsil proqramları, tədris metodikası və təlim strategiyalarına aid 60 sual təqdim edilir. Hər düzgün cavab 1 balla qiymətləndirilir.  


Test imtahanında azı 30 bal toplamış müəllim müsahibə mərhələsinə keçmək hüququ qazanır. 
Test mərhələsində 30-50 bal toplayanların maaşına 10 faiz, 51-60 bal toplayan müəllimlərin maaşına isə 35 faiz əlavə ediləcək.

Artıq üçüncü gündür davam edən sertifikasiya imtahanlarında fərqli mənzərələr müşahidə olunur: kimisi sevinir, kimisi kədərlənir, kimisi göz yaşı axıdır... Səbəblər isə müxtəlifdir.

AzEdu.az-ın məlumatına görə, Sumqayıt şəhərindəki orta məktəblərdən birində tarix müəllimi işləyən Əlyar Asiman sertifikasiya imtahanlarından çıxarkən sevinən və kədərlənən müəllimlərlə bağlı səbəbləri şərh edib.

Onun şərhi müəllimlərlə bağlı gerçəkliyi əks etdirdiyindən diqqətinizə çatdırırıq.

No description available.

“Müəllimlərin sertifikasiyasında, bəlkə də, ən çox sevinənlər 30 bal toplayanlardır. Şükür edirlər ki, nə yaxşı keçdik, kənarda qalmadıq. Stressdən, qınaqdan qurtulmaq, üstəlik də 10 faiz maaş artımı. Gözəl hissdir…

Sertifikasiyadan keçənlərin içərisində daha çox kədərlənənlər, məyus olanlar isə şübhəsiz ki,  50 bal toplayanlardır. Axı onları aylıq 35 faiz maaş artımından bircə, cəmi bircə bal ayırır.
 

59 bal toplayanların kədəri də başa düşüləndir. Zirvənin bir addımlığında büdrəmək...”, - deyə Əlyar Asiman bildirib.


A.Qorxmaz