Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-02 12:28:00
Müəllimləri qəzəbləndirən, direktorla mübahisəyə səbəb olan ənənə - Bölgə müəllimindən “xilas təklifləri”

Ümumtəhsil məktəblərində növbətçilik - Məktəbin daxili nizam –ntizam qaydalarından biri kimi

 Orta məktəbdə dərs deyən müəllimlər, burada təhsil alan şagirdlər, ümumiyyətlə , məktəb strukturu  daima hamı müzakirə olunur.  Məsələdən agah olub-olmayanların hamısı mütləq bu barədə hər hansı  fikir yürüdür, tənqid ya təqdir edir.

Bəzən, müəllimlər direktorlardan narazı olur, bəzənsə, direktorlar müəllimlərdən giley edir... Bir  çox hallarda  isə yerli Rayon  Təhsil Şöbələri həm müəllimlərdən, həm də direktorlardan şikayətlənirlər.

Məktəblərdə narazılıqlar yaradan məsələlərdən biri də növbətçilik haqqında olur. “Növbətçisiniz?”,  “Bu günün növbətçisi sizsiniz?” sualları qarşısında dəliyə dönən, tənəffüs zamanı hər hansı xoşagəlməz hadisə baş verdikdə izahat vermək istəməyib, məktəb direktoru ilə mübahisə edən, “bu işə görə məvacib almıram”, deyərək aqressivləşənlər də olur.

Görəsən, necə etmək olar ki, müəllimlər bunu vəzifə kimi sakitcə yerinə yetirsinlər?

 Sözsüz ki, burada işin keyfiyyətinə  heç cür zəmanət verilmir. Çünki dərsinin öhdəsindən gəlməyən müəllim növbətçiliyi necə bacaracaq?

Ancaq ən azından məsuliyyətini dərk etməsi üçün bu işin yerinə yetirilməsi vacibdir. Amma necə?

AzEdu.az saytında işıqlandırdığımız  növbəti mövzuda  bir sıra  təkliflərimizi irəli sürməyə çalışacağıq:

Məlumatı olmayanlar  üçün deyək  ki , Azərbaycan Respublikası “Ümumtəhsil məktəbləri üçün müəssisədaxili nümunəvi intizam qaydaları” mövcuddur ki,  onlardan istifadə edərək məktəblər öz şəraitlərini, kadr tərkibinı, məktəbin infrastrukturunu, şagird sayını, sinif komplektlərinin sayını və s kimi amilləri nəzərə alaraq öz daxili nizam- intizam qaydalarını yaratmalıdır.

Bu qaydalara  aiddir: məktəbdə şagirdlər, müəllimlərin davranış qaydaları; bütün işçilərin, həmçinin, şagird kontingentinin məktəbə gəliş-gediş saatları; bu saatlarda icra olunan işlərin ardıcıllıqları; dərsdənkənar tədbirlər; məktəbdənkənar tədbirlər zamanı kollektivin iştirakı və davranış qaydaları; tətil müddətində pedaqoji işçilərin və inzibati heyətin məktəbə gəliş – gediş saatları və eyni zamanda məktəbdaxili növbətçilik qaydaları.

Məktəbin bütün işçiləri, müəllim və şagird kollektivi bu qaydalara riayət etməli və onların icrası zamanı məsuliyyəti dərk etməlidirlər.

Daxili intizam qaydalarının tərtib olunması, əmrləşdirilməsi və kollektivə açıqlanması vacibdir. Bu qaydalar işçilərin əmək münasibətlərini tənzim edir, işəgötürənlə müvafiq həmkarlar ittifaqı komitəsi arasında bağlanmış kollektiv müqaviləyə daxil edilir və bunun əsasında əmək intizamının möhkəmlənməsinə , əməyin təşkilinə və iş vaxtından səmərəli istifadə edilməsinə, işin keyfiyyətinin yüksəldilməsinə kömək edir.

 Məktəb işçiləri bu nümunəvi nizamnaməyə əsasən “Azərbaycan Respublikasının Təhsil  haqqında” Qanununun tələblərinə riayət etməyə, namus və vicdanla işləməyə, ümumtəhsil məktəbinin Nizamnaməsinin, Daxili intizam qaydalarının tələblərinə ciddi əməl etməyə, həvalə olunmuş əmək funksiyalarını dəqiq yerinə yetirməyə, məktəbdə müvafiq qaydalar əsasında əmək intizamına riayət etməyə, işə vaxtında gəlməyə, müəyyən olunmuş işə vaxtında əməl etməyə, üzərinə düşən vəzifəni yerinə yetirmək üçün iş vaxtından yaradıcı və səmərəli istifadə etməyə, müdiriyyətin sərəncamını vaxtında və dəqiq icra etməyə və s borcludurlar .

Bunlar öz yerində... Bəs, növbətçilik?

Buradan yola çıxaraq məktəbin ən ağrılı yeri olan növbətçilik qaydalarını da tənzimləmək olar. Bəs növbətçilik cədvəli hazırlanarkən nələr nəzərə alınmalıdır? Növbətçilik ciddi , məsuliyyət tələb edən iş olduğundan və məktəbdə bu iş ictimai əsaslarla yerinə yetirildiyindən, işlər  mütləq Məktəb Həmkarlar Təşkilatının razılığı ilə qurulmalıdır.

Növbətçilik cədvəlini kortəbii hazırlamaq bu işin formal xarakter daşımasına və kağız üzərindəqalmasına səbəb olacaq. Ona görə də cədvəl hazırlayarkən müəllimlərin dərs cədvəli birinci növbədə nəzərə alınmalıdır. Körpə uşaqları, əllilikləri olan, eyni zamanda, təcrübəsiz və ya məsuliyyətini zəif dərk edən müəllimlərin növbətçi salınması məqsədəuyğun deyil.

İş prinsipi və təkliflər

Növbətçi müəllim dərsin başlanmasına 30 dəqiqə qalmış məktəbə gəlməli, dərs qurtarandan 30 dəqiqə sonra da növbətçilik vəzifəsini yerinə yetirməli və məktəbdən getməlidir;

 O , ayrı – ayrı siniflərin sinif növbətçiliyinə nəzarət etməli, əsasən tənəffüsdə sakitliyi bərpa etməli, şagirdlərin müəssisədaxili nizam- intizam qaydalarına riayət etməsinə fikir verməlidir;

 Zəng içəri vurulduqdan sonra bütün şagirdlərin sinifdə olmasını, dərsdə iştirakını təmin etməli , intizamı pozan şagirdlər haqqında müvafiq ölçü götürməlidir. Növbətçi müəllim həmin gün dərslərin normal gedişinə, şagirdlərin dərslərdə iştirakına bir sözlə məktəbdə ümumi qaydaların yerinə yetirilməsinə görə məktəb rəhbərliyi ilə bərabər məsuliyyət daşıyır;

Eyni zamanda, müəllimlər otağının təmiz və səliqəli saxlanmasına nəzarət edir, müəllimlərin tədris işləri ilə məşğul olmaları üçün şərait yaradılmasını təmin edir.

Günün sonunda növbətçi müəllim dərslər qurtardıqdan sonra gün ərzində baş vermiş işlərə dair direktor müavininə hesabat verir.

Tənəffüs zamanı hər hansı hadisə baş verərsə dərhal lazımi məlumatlandırma işini təmin edir və lazımı tədbir görür.

Növbətçi müəllim şagirdlərin evə getməsinə məktəb binasını tam tərk etməsinə müəllimlərlə birlikdə nəzarət edir. Məktəb binasını ən son olaraq tərk edir. Müəllimin metodiki günü iki və ya daha artıqdırsa növbətçiliyin həmin günə salınması, bir gündürsə dərsi daha az olan günə salınması məqsədəuyğundur.

Yuxarı sinif şagirdlərdən dərs zamanı növbətçi kimi istifadə etmək yolverilməzdir. Bu şagirdləri yalnız tənəffüslərdə ümumi işə kömək kimi yönləndirmək olar.

 Yaxşı olar ki, sinif növbətçiləri gün ərzində ümumi növbətçiliyə öz bacarıqlarına uyğun şəkildə nəzarət etsinlər. Bu, şagirdlərdə məsuliyyət hissini artıracaq və daha intizamlı olmağa sövq edəcək.

Növbətçilik qrafiki işçiyə imza etdirilməklə nəzərinə çatdırılmalı və onun tətbiqinə bir qayda olaraq ən azı bir ay qalmış məktəbdə görünən yerdən asılmalıdır.

Bayram və istirahət günlərində bildiyimiz kimi iş olmur. Bu günlərdə növbətçiliyə cəlb olunmasına yalnız Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş müstəsna hallarda məktəbin müdiriyyətinin, Həmkarlar İttifaqı Komitəsinin razılaşdırılması əsasında yazılı əmri ilə yol verilir.

Növbətçilik üçün əlavə istirahət günü qanunvericilikdə müəyyən olunmuş qaydada və işçinin razılığı ilə növbəti məzuniyyət dövrünə düşməmək şərti ilə tətil vaxtı verilir. Hamilə qadınların, 12 yaşınadək uşağı olan anaların istirahət və bayram günlərində növbətçiliyə cəlb olunması qadağandır. Növbətçilik ictimai əsaslarla adətən könüllülük prinsiplərinə əsaslanan bir işdir. Lakin əksər məktəblərdə bu iş ya düzgün qurulmur, ya formal xarakter daşıyır . Burada isə əsas məsuliyyət düşən və günahlandıra biləcəyim məktəb rəhbərliyidir.

Elşən Ramizoğlu