Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-02 12:14:00
Məktəblilər xüsusi qayğıya ehtiyacı olan ahılları sevindiriblər  

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumtəhsil müəssisələrində Beynəlxalq Ahıllar Günü qeyd edilib.

BŞTİ-dən AzEdu.az-a bildirilib ki, bu münasibətlə silsilə tədbirlər keçirilib, bir sıra məktəblərin müəllim-şagird heyətinin Bilgəh qəsəbəsində yerləşən Qocalar evinə ziyarəti təşkil olunub.

Tədbirlərdə BMT Baş Məclisinin 1992-ci ildə ahılların müdafiəsi ilə bağlı qəbul etdiyi qətnamənin prinsiplərinə uyğun olaraq, hər il 1 oktyabr tarixinin Beynəlxalq Ahıllar Günü kimi qeyd edildiyi şagirdlərin diqqətinə çatdırılıb. Bildirilib ki, ölkəmizdə də qeyd olunan bu gün əsasən yaşlılara və ahıllara qayğının daha da artırılması, onlara müxtəlif yardımların edilməsi ilə yadda qalır.

Şagirdlər qocalarla maraqlı söhbətlər aparıb, xüsusi qayğıya, sevgiyə ehtiyacı olan ahılları sevindiriblər.

Görüşlərdə, həmçinin məktəblilər yaşlılara olan sevgilərini, diqqət və qayğılarını şeir və mahnılarla ifadə ediblər.

Daha sonra şagirdlər ahıllara hədiyyələr verib və onlarla xatirə şəkli çəkdiriblər.