Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-01 12:45:00
Müəllimlər niyə tətildə məktəbə çağırılır? - Deputat və eks-deputatdan fərqli REAKSİYA

Bu gündən Azərbaycandakı ümumi təhsil pilləsinin məktəbəhazırlıq qrupları və ibtidai sinifləri üçün əlavə yaz tətil günləri başlayıb.

 

Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən, tətil 1-5 may tarixlərini əhatə edəcək. 6-7 may həftə sonuna təsadüf etdiyindən məktəbəhazırlıq qrupları və ibtidailər üçün mayın 8-də ilk dərs günü başlayacaq.

 

Tətil günlərində məktəbəhazırlıq qrupları və ibtidai siniflərdə təhsil alan şagirdlər evdə dincəlsələr də, onların müəllimlərindən məktəbə gəlmək tələb olunur.

Maraqlıdır, niyə həmin müəllimlərə də tətil günlərində evdə qalmağa icazə verilmir? Axı Nazirlər Kabinetinin Qərarında, eləcə də elm və təhsil nazirinin müvafiq əmrində müəllimlərin tətil günləri məcburən məktəbə gəlməsi barədə heç bir qeyd yoxdur...

İbtidai sinif müəllimlərini tətil günlərində məcburi qaydada məktəbə çağırmaq direktorların özfəaliyyəti sayıla bilərmi?

 
Müşahidələr göstərir ki, bu haqda açıq danışmağa cəsarət etməyən ibtidai sinif müəllimləri sosial şəbəkələrdə anonim adlarla öz etirazlarını bildirirlər.


Deyirlər ki, Azərbaycanda müəllimlərin iş-həyat balansı təmin edilmir və onlar üçün tətil anlayışı yoxdur. 

 

Sözügedən mövzu ilə bağlı AzEdu.az-a danışan təhsil eksperti Məzahir Məmmədli müəllimlərin də istirahətə ehtiyacı olduğunu vurğulayıb:

 Açıklama yok.

“Azərbaycan təhsil sisteminin formalaşma qaydalarına görə, rəsmi ştatda olan müəllim tətil günləri nəzərə alınmadan işdə olmalıdır. Amma düşünülməlidir ki, müəllimlərin öz bilik və bacarıqlarını artırmaq üçün əlavə vaxta ehtiyacları var. Həmçinin, onlar da insandır, dincəlmək, istirahət etmək istəyirlər".

 

Ekspert bildirib ki, məktəblər özlərinə uyğun qərarlar tətbiq edirlər:

 

“Hazırkı sistem bir qədər qarışıqdır. Məktəb rəhbərləri özünə uyğun müxtəlif qaydalar tətbiq edir. Bəzi qərarların Nazirlər Kabinetinin, yaxud məktəb rəhbərləri tərəfindən verildiyi o qədər də aydın olmur. Düşünürəm ki, bu mövzu ilə bağlı mərkəzləşmə olmalıdır. 

Demək olar ki, hər məktəbdə fərqli cür qaydalar tətbiq edir. Müşahidələr onu göstərir ki, tətil günlərində müəllimlərin işə gəlməsi halları bölgə məktəblərində deyil, şəhər məktəblərində baş verir”, -deyə o bildirib. 

 

Sabiq deputat, təhsil eksperti Sona Əliyeva da sözügedən mövzu ilə bağlı fikrlərini bölüşüb:

Sabiq deputat təkrar seçkidə iştirak edə bilər - AÇIQLAMA

 

“Müəllimlərin iş saatı və iş qaydası müvafiq qanunvericiliklə tənzimlənir. Lakin məncə artıq bütün dünyada işin keyfiyyət və səmərəliliyi daha ön plandadır, nəinki bürokratik üsullarla idarəetmə yanaşması. Müəllimlərə gəldikdə isə sosial şəbəkələrdən oxuduğum və eşitdiyim qədər bu kimi hallar mövcuddur. Müəllimlər uşaqlar tətilə buraxılsa belə, onlar tabelə qol çəkmək üçün məktəbə gedirlər. İbtidai siniflərdə tədris aparmaq digər siniflərə nisbətən daha çətindir və tətil günlərinin müəllimlərə də şamil olunması, onlara qısa istirahətin verilməsi tədrisin davamının daha keyfiyyətli olması baxımından səmərəli və müəllimlər üçündə sevindirici olardı.

Eyni zamanda, bu hal mümkün deyilsə, müəllimlər üçün təlimlər təşkil etmək, ixtisaslarına uyğun dəstəkləyici seminar - təlimlər keçirmək daha yaxşı olar. Düşünürəm ki, bu hal tabelə qol çəkib bir neçə saat oturmaqdan daha müsbət olardı”. 

 

Milli Məclisin deputatı Kamilə Əliyeva bildirib ki, mayın 1-dən 8-nə qədər ibtidai siniflər üçün verilən tətil əsasən şagirdlərin dincəlməsi üçün nəzərdə tutulub.

 Kamilə Əliyeva:

“Əmək qanunvericiliyinə görə, bu günlər qeyri-iş günü olmasa belə müəllimlər məktəbə gəlməlidir. Onların vəzifəsi təkcə dərs deməklə kifayətlənmir. Müəllimlər həm də dərs prosesi üçün müəyyən materialların hazırlanması və müxtəlif məsələlərlə bağlı məşğul olurlar. Düşünürəm ki, tətil müddəti olsa belə, ibtidai sinif müəllimlərinin məktəbə gəlməsi zəruridir. Bu, əmək qanunvericiliyinə tam uyğundur”,- deyə deputat qeyd edib.