Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-28 12:28:00
Elmi-tədqiqat institutlarının işi təftiş olunmalıdır EKSPERT

Elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, universitetlər və elmi-tədqiqat institutları bir-biri ilə inteqrativ əlaqədə fəaliyyət göstərmir. Nazir onu da qeyd edib ki, universitetlərdə tədqiqat aparılmadığından onlar top universitetlərin reytinqinə düşə bilmirlər.

 

Universitetlərlə elmi-tədqiqat institutları arasında əlaqəni, əməkdaşlığı necə təmin etmək olar? Faktiki olaraq əməkdaşlıq üçün zəruri olun məsələlər nələrdir?

 

Universitetlərdə müəllimlərin, tələbələrin geniş tədqiqat işi ilə məşğul olması üçün hansı tədbirlər görülməlidir?

 

Sözügedən suallara Bakı Dövlət Universitetinin dosenti Əlimusa İbrahimovla cavab tapmağa çalışmışıq.

Müsahibimiz AzEdu.az-a açıqlamasında deyib ki, nazirin sözegedən məsələni qaldırması onun tezliklə elmi ictimaiyyətin diqqət mərkəzində olacağına işarədir:

 

“Universitetlərin nəzdində olan elmi-tədqiqat institutlarının öz istiqamətləri üzrə fəaliyyət göstərmədikləri və ya ümumiyyətlə elmi-tədqiqat işləri ilə məşğul olmadıqları hamıya məlumdur. Cənab nazirin bu barədə danışması və həyəcan təbili çalması yaxın günlərdə məsələnin elmi ictimaiyyətin diqqət mərkəzində olacağını sübut edir”.

 

Ə.İbrahimov Elm və Təhsil Nazirliyinin də üzərinə düşən vəzifələri xüsusi olaraq qeyd edib:

 

“Universitetlər ilk növbədə öz nəzarəti altında olan elmi-tədqiqat institutlarında fəaliyyəti gücləndirməli və ya bu işi yenidən qurmalıdırlar. Bunun üçün ilkin zəruri şərtlər mövcuddur. Amma düşünürəm ki, Elm və Təhsil Nazirliyinin üzərinə də bu istiqamətdə ciddi iş düşür. Nazirlik artıq həm də elmi sahəni əhatə edir. Bindan sonra elmi-tədqiqat işlərinin yerinə yetirilməsi və həm də maliyyələşdirilməsinə diqqət artırılmalıdır. Düşünürəm ki, öncə hazırda mövcud olan institutların son illərdəki fəaliyyəti təftiş olunmalı və passivliyin səbəbləri müəyyən edilməlidir. Bundan sonra  institutların rəhbərlərinə əvvəlki qaydada işləməyin artıq mümkün olmayacağı başa salınmalı və nəticə tələb olunmalıdır”.

 

Müsahibimiz elmi-tədqiqat institutlarının maliyyə vəziyyəti ilə bağlı da narazılığını bildirib:

 

“Paralel olaraq elmi-tədqiqat institutlarının maliyyə vəziyyəti də olduqca aşağı səviyyədədir və belə davam etdiyi təqdirdə alimlərdən heç də yüksək nəticə tələb etmək düzgün olmur. Deməli elmi-tədqiqat institutlarının fəaliyyətinin gücləndirilməsi üçün Elm və Təhsil Nazirliyi daha çox əmək və vəsait sərf etməlidir. Bu sahədə yenidənqurma və ya islahatları da unutmaq olmaz”.