Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-27 11:04:00
Bu məktəblərdə 1-ci sinfə qəbul müsabiqə yolu ilə aparılır - SİYAHI

Məlum olduğu kimi, mayın 11-dən 2023-2024-cü tədris ili üzrə ümumi təhsil müəssisələrinin 1-ci siniflərinə şagird qəbuluna start veriləcək.

 

AzEdu.az xəbər verir ki, qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılacaq.

 

Bəzi ümumi təhsil müəssisələrində 1-sinfə qəbul uşaqların xüsusi hazırlıqlarının yoxlanılması məqsədilə təşkil olunan müsabiqə komissiyalarının rəyi əsasında həyata keçirilir.

 

Elm və Təhsil Nazirliyindən saytımıza bildirilib ki, Bakı Avropa liseyi, Respublika İncəsənət gimnaziyası, Bülbül adına orta ixtisas musiqi məktəbinin həm Azərbaycan, həm də rus bölməsi üzrə 1-ci siniflərinə uşaqların qəbulu müsabiqə yolu ilə aparılır. Uşaqların qəbulu zamanı heç bir prioritet üzrə üstünlük nəzərə alınmır.

Müsabiqə şərtlərini öyrənmək istəyən valideynlər həmin məktəblərə müraciət etməlidirlər.

 

“Qeyd olunan təhsil müəssisələrinin rus bölməsi üzrə birinci siniflərinə qəbul isə həmin dil üzrə şifahi nitq bacarıqlarının yoxlanılması məqsədilə təşkil olunan müsahibə və uşaqların xüsusi hazırlıqlarının yoxlanılması məqsədilə təşkil olunan müsabiqə komissiyalarının rəyi əsasında aparılır”.

 

Nazirlikdən o da qeyd edilib ki, “Ankara məktəbi” məktəb-lisey, İ.Hacıyev adına “Tərəqqi” texniki-humanitar liseyi, İ.Əfəndiyev adına Elitar gimnaziya, Bakı Slavyan Universiteti nəzdində məktəb-lisey kompleksi, T.Həsənov adına 23 nömrəli tam orta məktəb, 132-134 nömrəli Təhsil Kompleksi, T.İsmayılov adına 6 nömrəli məktəb-lisey, “Zəngi” liseyi və 160 nömrəli klassik gimnaziyanın rus bölməsinin 1-ci siniflərinə prioritetlər üzrə üstünlüyü olmayan uşaqların qəbulu müsabiqə yolu ilə aparılır. Bu məktəblərdə Azərbaycan bölməsinə qəbul müsabiqə əsasında aparılmır.