Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-22 20:04:00
Şuşada erməni təxribatı - 3 hərbçimiz YARALANDI

Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində vəziyyətin gərginləşdirilməsi məqsədilə Şuşa rayonunun Allahqulular kəndi istiqamətindəki torpaq yolda Ermənistan tərəfindən növbəti təxribat törədilib.

 

Azedu.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

 

Məlumata görə, aprelin 22-si saat 17:00 radələrində Allahqulular kəndi ətrafındakı yüksəkliklərdə yerləşən mövqelərimizə təminat vasitələrini daşıyan Azərbaycan Ordusunun hərbi yük maşını ermənilər tərəfindən qəsdən yolun hərəkət istiqamətində basdırılmış minaya düşərək partlayıb. Nəticədə avtomobilin sürücüsü və maşın başçısı yaralanıb, nəqliyyat vasitəsi sıradan çıxaraq yararsız vəziyyətə düşüb. Dərhal yaralılara yardım göstərmək üçün gələn hərbi qulluqçulardan biri də piyada əleyhinə minaya düşərək xəsarət alıb.

 

Minaya düşən 3 hərbi qulluqçumuza təxirəsalınmaz tibbi yardım göstərilib.

 

Hadisə barədə Rusiya sülhməramlı kontingenti və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin komandanlıqlarına məlumat verilib.

 

"Baş vermiş hadisəyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür", - deyə Müdafiə Nazirliyi bildirib.


Qeyd edək ki, partlayış ərazisinə baxış keçirilib.

Müdafiə Nazirliyi bəyan edib ki, mühəndis-istehkam bölmələrimiz tərəfindən keçirilən axtarış zamanı həmin ərazidə 2021-ci ildə Ermənistanda istehsal olunmuş bir neçə ədəd tank əleyhinə və xeyli sayda piyada əleyhinə mina aşkar edilib.

"Bir daha bəyan edirik ki, Azərbaycanın Qarabağ iqtisadi rayonuna Ermənistandan hərbi yüklərin daşınması dərhal dayandırılmalı, qeyri-qanuni erməni silahlı dəstələrinin ən qısa müddətdə ərazimizdən çıxarılması təmin olunmalıdır".