Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-20 17:48:01
Macarıstan və Çexiyadakı azərbaycanlı gənclərlə silsilə görüşlər keçirilib

Ümummilli lider Heydər Əliyevin anadan olmasının yüz illiyinə həsr olunmuş tədbirlər çərçivəsində Macarıstanda və Çexiyada yaşayan azərbaycanlı  gənclərin iştirakı ilə silsilə tədbirlər keçirilib.

AzEdu.az xəbər verir ki, Macarıstanın paytaxtı Budapeştdə ölkəmizin Macarıstandakı səfirliyinin, Heydər Əliyev Fondunun, Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) və Gənclərin İnteqrasiyası və İnkişafı Assosiasiyasının (AYİD) birgə təşkilatçılığı ilə Heydər Əliyevin anadan olmasının yüz illiyinə həsr olunmuş "Azərbaycan xalqının Ümummili Lideri-Heydər Əliyev mirası" adlı gənclər forumu baş tutub.

Tədbir başlamazdan öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə Türkiyə, Rusiya və Qazaxıstan respublikalarının Macarıstanda olan səfirləri və eyni zamanda altı xarici ölkədən olan qonaqlar iştirak edib.

Tədbiri giriş sözü ilə Azərbaycan Respublikasının Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri Tahir Tağızadə açaraq Azərbaycan xalqının ümummilli liderinin həyatı, zəngin və çox şaxəli siyasi fəaliyyəti haqqında ətraflı məlumat verib. Səfir bildirib ki, xaricdə, o cümlədən Macarıstanda yaşayan azərbaycanlılar Heydər Əliyev irsinə, onun azərbaycançılıq məfkurəsinə dərindən bağlıdırlar.

Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov çıxışında Heydər Əliyev tərəfindən gənclərə göstərilən diqqət və qayğı, Gənclər Gününün təsis edilməsinin əhəmiyyəti, eləcə də ulu öndər tərəfindən əsası qoyulmuş və Prezident İlham Əliyev tərəfindən davam etdirilən uğurlu gənclər siyasəti barədə söz açıb. O, təmsil etdiyi qurumun fəaliyyəti, həmçinin digər türk dövlətlərinin gənclər təşkilatları ilə əməkdaşlıqlarına dair tədbir iştirakçılarına məlumat verib.

Daha sonra Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Cavanşir Feyziyevin, türkoloq Mariya Keneşinin, ASAP-ın icraçı direktoru Rafael Hacıbəylinin və AYİD sədri Ramil Şükürovun çıxışları dinlənilib.

Sonda Ümummilli liderin həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş olunub.

Səfər çərçivəsində Macarıstandakı Azərbaycan Evində  dəyirmi masa arxasında Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, ASAP-ın icraçı direktoru Rafael Hacıbəyli, Macarıstandakı Azərbaycan Evinin rəhbəri İbrahim Səfərli və AHAU-nun sədri Günay Bayramova azərbaycanlı gənclərlə görüşüb. Görüşdə gənclərin burada fəaliyyəti ilə bağlı mümkün imkanlar müzakirə olunub. Onların təklifləri və çətinlikləri dinlənilib.

Çexiyanın paytaxtı Praqa şəhərində isə ölkəmizin Çex Respublikasındakı səfirliyində gənclərlə görüş keçirilib. Azərbaycan Respublikasının Çex Respublikasındakı  fövqəladə və səlahiyyətli səfiri Adış Məmmədov bildirib ki, Ümummilli iider Heydər Əliyevin gənclərə olan yüksək etimadının nəticəsidir ki, bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərovun və ASAP-ın icraçı direktoru  Rafael Hacıbəylinin iştirak etdiyi görüşdə  Heydər Əliyevin anadan olmasının yüz illiyi çərçivəsində Çexiyada keçiriləcək tədbirlər müzakirə olunub. Azərbaycanlı gənclərin Çex Respublikasında keçiriləcək tədbirlərlə bağlı təklifləri dinlənilib. ASAP-ın Çexiyada yeni nümayəndəliyi formalaşdırılıb. Görüş zamanı ASAP nümayəndəliyi  tərəfindən keçiriləcək tədbirlər planı müzakirə olunub.