Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-08 09:46:00
Qaldığımız yerdən mübarizəmizə davam edəcəyik - Fazil Mustafa

Deputat Fazil Mustafa yaşadığı sui-qəsd olayından sonra ilk dəfə sosial şəbəkə hesabında paylaşım edib.

 

AzEdu.az xəbər verir ki, o, yenidən əməliyyat olunduğunu, hazırda sağlıq durumunun yaxşıya doğru getdiyini bildirib.

 

"Əziz dostlar, məmləkətimizin dəyərli insanları. Dünən üç saatdan artıq çəkən son əməliyyatdan sonra yaralarıma tikiş qoyuldu. Həmd olsun Allaha ki, hər şey yaxşılığı doğru gedir. Allah həkimlərimizdən və tibb personaləmızdan razı olsun. Bu günlərdə sağlıq durumumla bağlı narahatlıq keçirən, dualarını əsirgəməyən bütün duyarlı insanlarımıza təşəkkür edirəm. Müalicə və reabilitasiya prosesi davam edir, inşallah, yaxın vaxtlarda yenə də qaldığımız yerdən mübarizəmizə davam edəcəyik. Allah millətimizi və dövlətimizi qorusun!"- deputat feysbukda yazıb.

 

Qeyd edək ki, martın 28-də F.Mustafaya qarşı yaşadığı evin qarşısında "Kalaşnikov" avtomat silahından atəş açılaraq terror aktı törədilib. F.Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb. Ona zəruri tibbi xidmətlər göstərilib.

 

Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277-ci (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.

 

Hadisədən bir neçə gün sonra keçirilən xüsusi əməliyyat nəticəsində terror aktını törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıb.