Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-07 15:19:00
Bu abituriyentlərin buraxılış imtahanından olan şikayətinə baxılmayacaq - DİM

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə 5 mart 2023-cü il tarixində keçirilmiş buraxılış imtahanının nəticələri elan olundu.

İmtahan nəticəsindən razı olmayan hər bir abituriyent 2-14 aprel tarixlərində apellyasiyaya müraciət edə bilərlər.

 

Dövlət İmtahan Mərkəzindən (DİM) AzEdu.az-a verilən məlumata görə, bəzi şagirdlərin apellyasiya müraciətlərinə baxılmayacaq:

 

“İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən 26 aprel tarixindən etibarən onlayn ("Zoom" proqramı və ya telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi təşkil ediləcək. Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 12-14 aprel tarixlərində DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər. Elektron ərizədə haqqında müraciət edilən tapşırığın nömrəsi seçilməli, onunla bağlı müraciətin məzmunu yazılmalı və meyarın hansı bəndinə uyğun hesab edildiyi göstərilməlidir. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir, həmin müraciət araşdırılmır və onun üçün apellyasiya təşkil olunmur. Apellyasiya müzakirəsində şagirdin iştirakı vacibdir. Şagird ilə yanaşı valideynlərindən biri müzakirədə iştirak edə bilər. Bir şagirdin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.

 

Apellyasiya komissiyasına müraciət etməmişdən əvvəl şagirdlər DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə, həmçinin https://bit.ly/3mdDyYi linki vasitəsilə tapşırıqların şərti və izahlarla tanış olmalıdırlar. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 15%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. Abituriyentlərin nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq”.