Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-21 15:36:00
Gənc xanım müəllimindən  Kimya fənni ilə bağlı yeni ideya – Əgər tətbiq olunsa...

Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar” üzrə 2-ci  qrant müsabiqəsi çərçivəsində İ.Hacıyev adına “Tərəqqi” texniki-humanitar liseyində “Məktəblilər üçün elektron formatda kimya trenajorlarının hazırlanması” layihəsinin bağlanış mərasimi keçirilib.

AzEdu.az xəbər verir ki, müsabiqə dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün  elan edilib. Müsabiqəyə ümumi təhsil müəssisələri və fərdi kateqoriya üzrə ümumilikdə 850 layihə təklifi daxil olub.

Ümumi təhsil müəssisələri kateqoriyası üzrə 41, fərdi kateqoriya üzrə 125 layihənin dəstəklənməsi məqsədəuyğun sayılıb. Müsbət qərar verilən 166 layihənin maliyyələşdirilməsi Təhsil Nazirliyi tərəfindən təsdiqlənib. Ümumilikdə 45 rayon və şəhər üzrə ümumi təhsil müəssisəsi və müəllim qalib gəlib. Qalib layihələri olan ən fəal rayon və şəhərlər Bakı, Gəncə, Sumqayıt, Beyləqan, Quba, Balakən, İsmayıllı, Lənkəran və Şəmkirdir.

Liseyin Kimya müəllimi Sona Kərimovanın təqdim etdiyi layihənin məqsədi Azərbaycan dilində ilk dəfə olaraq elektron formatda məktəblilər üçün kimya trenajorlarının hazırlanmasıdır.

Layihə rəhbəri Sona Kərimova çıxış edərək bildirib ki, son dövrlərdən başlayaraq orta ümumtəhsil mək­təb­lərində kimya dərslərinə verilən saatların azal­dıl­ma­sı, kimyadan tədris proqramlarının və dərsliklərin tez-tez dəyişdirilməsi, digər fənlərlə zəif əlaqədə olması və bunun kimi səbəblər kimyanın tədrisində müəyyən prob­lemlər yaradır. Şa­gird­lərdə kimya fənninə olan marağı artırmaq, onların kimyəvi prosesləri dərindən başa düşmələri üçün fənn müəllimlərinin üzərinə böyük yük düşür. Bu sahədə kimyanın tədrisində İKT-nin istifadəsi böyük yardım edir.

İlk dəfə olaraq, Azərbaycan dilində məktəb kursuna daxil olan məsələlərin həll olunma alqoritmini başa düşməyə, şagirdlərdə bu bacarıq və vərdişlərin yaranmasına kömək edəcək elektron formatda kimya trenajorları hazırlanıb.

3 ay davam edən layihə çərçivəsində  www.tereqqi-liseyi.az  saytı yaradılıb. Saytda kimya fənni üzrə orta məktəb müəllim və şagirdlərin istifadəsi üçün maraqlı məlumatlar, əyləncəli kimya, təcrübələr, kimya üzrə cədvəllər, test tapşırıqları verilib.

Tədbirdə Təhsil Nazirliyinin əməkdaşı Rəbiyyə Müseyibzadə, TİPİİ-nin direktor müavini Namiq Nağıyev, Bakı şəhərində yerləşən  məktəb və liseylərin direktorları, kimya, fizika, riyaziyyat və biologiya müəllimləri iştirak ediblər.

Tədbirdə İ.Hacıyev adına “Tərəqqi” texniki-humanitar liseyin direktoru, professor Nasim Abışov, BDU-nun dosenti Taleh Qəhrəmanov, 247 nömrəli məktəbin direktoru Nihal Hacıyeva çıxış edərək, təqdim olunan layihəni yüksək qiymətləndirdilər.