Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-09 20:37:16
XİN azərbaycanlı tələbəyə görə İrana NOTA VERDİ

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Azərbaycan vətəndaşı, Almaniyanın Yena Universitetinin tələbəsi 1997-ci il təvəllüdlü Fərid Qabil oğlu Səfərlinin fevralın 20-də İrana səfərə getməsi, martın 4-dən bəri ondan xəbər alınmasının mümkün olmaması ilə bağlı yerli medianın sualını cavablandırıb.

AzEdu.az-ın məlumatına görə, A..Hacızadə deyib ki, sözügedən məlumata aydınlıq gətirilməsi məqsədilə Xarici İşlər Nazirliyi müvafiq olaraq İranın ölkəmizdəki səfirliyinə nota ünvanlayıb və hazırda qarşı tərəfdən cavab gözləyir.

"Azərbaycan Respublikasının vətəndaşı Fərid Səfərlinin yerinin müəyyənləşdirilməsi istiqamətində müvafiq tədbirlər və araşdırma işləri davam edir. Məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

Azərbaycan Respublikasının vətəndaşlarına bir daha xatırlatmaq istərdik ki, bu il yanvarın 27-də ölkəmizin İrandakı səfirliyinə qarşı baş vermiş terror hücumundan sonra Azərbaycan Xarici İşlər Nazirliyi ölkəmizin vətəndaşlarına zəruri olmadığı təqdirdə İrana səfər etməməyi, səfər edənlərin isə yüksək ehtiyatlılıq nümayiş etdirmələri barədə səyahət xəbərdarlığı yayıb”, - deyə XİN rəsmisi qeyd edib.

Xatırladaq ki, Almaniyadakı Yena Universitetinin azərbaycanlı tələbəsi, 27 yaşlı Fərid Səfərli fevralın 20-də eyni universitetdə təcrübə keçmiş həkim sevgilisini görmək üçün Tehran şəhərinə gedib. F.Səfərli martın 5-də Almaniyaya qayıtmalı olsa da, 5 gündür ki, ondan xəbər-ətər yoxdur.

Qeyd olunur ki, martın 4-dən etibarən Fəridin telefonu sönüb, onunla əlaqə tamamilə itib.

O, martın 4-də Tehran-İstanbul-Berlin reysi ilə Almaniyaya dönməliymiş, lakin həmin gündən onunla əlaqə saxlamaq mümkün olmayıb.

Ehtimal edilir ki, Fərid Səfərli  İranda saxlanılıb.