Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-07 12:00:00
“Valideynlər, uşaqlarınızın mesajlarını oxuyun!” - PSİXOLOQ  

Hər bir valideyn övladının dərslərini yaxşı oxumasını, orta məktəbi yüksək göstəricilərlə başa vurmasını istəyir. Amma bütün şagirdlərin nəticələri arzulanan səviyyədə olmur. Sual yaranır ki, bütün uşaqlar məktəbi əla qiymətlə başa vuracaq qabiliyyətə sahibdirmi? Ümumiyyətlə, uşaqların təhsil göstəricilərinə təsir edən hansı amillər var?

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlamasında Azərbaycan Psixologiya Akademiyasının (APAK) psixoloqu Ezgi Şahin bidirib ki, valideynlər övladlarına savad verməyə öncə özləri savad almaqla başlamalıdırlar:

 

“Ailədə kitab oxuyan, dərsə maraq göstərən, motivasiya verən yoxdursa, uşaq kitab oxumağa, dərsə meyilli olmaya bilir. Valideynlər çox vaxt övladlarından tələb edirlər ki, iki gündə bir kitab bitirməlisən, amma uşaq ətrafına baxanda ailəsində kitab oxuyan birini görməyəndə bunu istəmir və qarşı çıxır. Biz uşaqdan nə tələb ediriksə, ona özümüz də əməl etməliyik. Eyni zamanda, motivasiya verməliyik. Düşünün ki, ayın sonu maaş almayacağımız bir işə gedirik. Belə olan halda artıq işə getmək istəməyəcəyik. Eyni şəkildə uşağı da motivasiya etmək lazımdır. Biz nə qədər desək ki, dərs oxumaq sənin gələcəyin, iş tapmağın, pul qazanmağın üçündür, uşağı motivasiya etmədiyimizdə dediyimiz sözlər havada qalır. Əgər biz uşağa desək ki, sən dərslərini yaxşı oxusan, yüksək qiymətlər alsan, bununla məni xoşbəxt etsən, mən də sənə arzu etdiyin bir şeyi birlikdə etmək üçün şərait yaradacağam. Bu şəkildə olanda uşaqda valideyn ilə birgə nəsə edə biləcəyi düşüncəsi ilə motivasiya yaranır və dərsinə adaptasiya olur”.

 

Açıklama yok.

 

Psixoloq uşaqların texniki avadanlıqlardan asılılığının mənfi təsirlərindən də danışıb. O vurğulayıb ki, bu vasitələrin istifadəsində limitlər qoyulmalıdır:

 

“Kompüter, televizor, telefon, planşet kimi texniki avdanlıqlar uşaqlarda dərsə qarşı meyilliliyi azaldır. Çünki uşaq virtualda bir çox dostluqlar qurur və oradan asılı vəziyyətə düşür. Beləliklə, nitqləri zəifləyir, sosial fəaliyyətləri azalır, yaşıdları ilə oynama, özünü ifadə etmə qabiliyyətində geriləmə baş verir. Ona görə də uşaqların bu avadanlıqlarla vaxt keçirməsinə limit qoyulmalıdır. Valideynlər onları daim nəzarətdə saxlamalıdırlar, hətta ara-sıra mesajlara da baxılması vacibdir. Təbii ki, uşaqlara bunu göstərib-göstərməmək onların özlərindən asılıdır, amma göstərməməsi tövsiyə olunur. Çünki uşaq belə olan halda özünü narahat hiss edə bilər”.