Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-15 09:16:00
BMU-da bir fakültənin genişləndirilmiş iclası keçirilib

Bakı Mühəndislik Universitetinin (BMU) İqtisadiyyat və idarəetmə fakültəsinin genişləndirilmiş iclası keçirilib.

 

AzEdu.az xəbər verir ki, iclasda 2022-2023-cü tədris ilinin payız semestrinin fakültə üzrə nəticələri və yaz semestrinin tədris prosesinə hazırlıq vəziyyəti müzakirə olunub, tədris, elmi-tədqiqat və tərbiyə işlərinin təşkili haqqında hesabat xarakterli çıxışlar dinlənilib.

 

Payız semestrinin fakültə üzrə nəticələrinin ürəkaçan olduğunu vurğulayan fakültənin dekanı, dosent Mayis Əzizov göstəricilərdə artım dinamikasının müşahidə olunduğunu, fakültə üzrə yaxşı və əla qiymət alan tələbələrin sayında müsbət artım tendesiyasının qeydə alındığını deyib. Dekan həmçinin, yaz semestrinin tədris prosesinə hazırlıq vəziyyəti, o cümlədən müəllimlərin dərsə münasibətini müəyyənləşdirən meyarlar, tədrisin düzgün təşkili,  SDF (semestr daxili fəaliyyət) nəticələri, tələbə tərəfindən fənnin öyrənilməsi üçün zəruri olan informasiyanı özündə əks etdirən sillabusun tərtibi, dərs vəsaitləri və s. haqda əsas məqamlara toxunaraq, zəruri məsələləri nəzərə çatdırıb.

 

Semestrin fakültə üzrə nəticələrinin təqdirəlayiq olduğunu önə çəkən tədris işləri üzrə dekan müavini Xanlar Heydərov imtahan nəticələri ilə bağlı Apelyasiya Komissiyasına fakültə tələbələri tərəfindən edilən müraciətlərin az olduğunu və bu müraciətlərin əsasən texniki xətalar üzündən baş verdiyini bildirib. Yaz semestrinin tədris prosesi ilə bağlı qarşıda duran vəzifələrdən də söz açan dekan müavini tələbələrin təhsilə daha məsuliyyətli yanaşması, fasiləsiz davamiyyətin vacibliyi, tədris planına ciddi riayət edilməsi, nizam-intizam qaydalarına diqqətin artırılması, elektron jurnalların hazırlıq vəziyyəti və s. məsələlərə toxunub.

 

Tədris işləri üzrə dekan müavini Elsevər İbadov isə tələbə təqaüdlərinin təyini, akkreditasiya prosesində özünüqiymətləndirmə üçün fakültə üzrə müəyyənləşdirilən meyarlarla bağlı iştirakçıları məlumatlandırıb.

 

İclasda çıxışlar üzrə müzakirələr və fikir mübadiləsi aparılıb, eyni zamanda suallar cavablandırılıb.