Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-14 13:22:00
Zəlzələ bizim şagirdlərə də psixoloji təsir edib - Psixoloq məsləhəti

Türkiyənin Kahramanmaraş və ətraf vilayətlərində baş vermiş dağıdıcı zəlzələdən zərər çəkən insanlar həm maddi, həm də mənəvi olaraq çox böyük itkilər verdilər. Mövcud vəziyyət insanların psixoloji durumuna da ciddi təsir edir.

 

Bəs baş vermiş bu zəlzələ təhsilə və şagirdlərin psixologiyasına necə təsir edir?

 

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlamasında Azərbaycan Psixologiya Akademiyasının psixoloqu Çinarə Kazımzadə bu kimi hallarda şagirdlərin psixi cəhətdən hazırlığının önəmindən danışıb:

 

“Hazırda özümüz də arada kilometrlərlə məsafə olsa da, insanların acısını hiss edə bilirik. Yaşadığımız hisslər ciddi şəkildə hər birimizə təsir göstərir. Müasir dövrdə yaşca çox kiçik uşaqların belə sosial şəbəkələrdən istifadə etməsi adi hala çevrilib. Ümumiyyətlə, hazırda kiçikdən böyüyə fəlakətlə bağlı videoları izləyirlər.

 

Buna görə də, insanların beynində yaxınlarını itirəcəkmiş kimi düşüncə yaranır. Bu narahatlıqlar həm uşaqların, həm də böyüklərin psixologiyasına mənfi təsir göstərir. Qorxu içində olurlar, birdən-birə ağlama istəkləri yaranır, öz valideyinləri üçün narahat olurlar və ən əsası isə işlərinə diqqət verə bilməmə problemi yaranır”. 

 

Psixoloq, sözügedən mövzuda müəllimlərin hansı tədbirləri görməli olduğundan söz açıb:

 

“Ola bilər ki, şagirdlər öz aralarında toplandığı zaman baş verən hadisələrlə bağlı müzakirələr aparsınlar. Bu söhbətlərdə yanlış yönləndirmə olduğu zaman bir-birlərini qorxuda bilərlər. Qorxu onların psixologiyasına çox böyük ziyan verə bilər. Bu kimi halların yaşanmaması üçün ilk növbədə valideynlərin özləri profilaktik tədbirlər görməlidir. Məktəbdə isə bu iş müəllimlərin öhdəsindədir. Problemləri aradan qaldırmaq üçün müəllimlər şagirdləri güclü şəkildə psixoloji məlumatlandırmalıdır. Fəlakət, zəlzələ və onlardan qorunma yolları haqqında uşaqlara düzgün inormasiya verilməlidir. Çünki, məlumatsızlıq, qeyri-müəyyənlik insanı daha çox qorxuya salır. Müəllim şagirdlərə nəzər yetirməli, onların bir-birinə səhv məlumatlar ötürməsinin qarşısını almalıdır ki, şagirdlərdə ciddi travmatik proseslər yaşanmasın”. 

 

Psixoloq deyir ki, biz emosiyalarımızı udduqca, “hər şey yaxşıdır”, “heç bir problem yoxdur” tipli fikirləri özümüzə təlqin etdikcə, vəziyyət daha da pisləşə bilər:

 

“Real olan bir problemdə şagirdlərin öz emosiyalarını, hisslərini dilə gətirib ifadə etməkləri önəmlidir. Onları dinləmək, yaxşı emosiyalar ötürmək olduqca əhəmiyyətlidir. Şagirdlərin yanlış məlumatlandırılması daha çox qorxunun qabarmasından əlavə olaraq daim beyinlərində narahatedici düşüncələr olduğuna görə diqqət pozuntusu yarada bilər. Təbii ki, bu diqqətsizlik dərslərinə də təsir edəcək”. 

 

Müsahibimizin sözlərinə görə, şagirdlərin psixologiyasını rahatlatmaq üçün kömək etmələrinə imkan yaradılmalıdır:

 

“Şagirdlərin, ümumiyyətlə hər birimizin özünü daha yaxşı hiss etməsi üçün qarşı tərəfə yardım göstərməyimiz önəmlidir. Bildiyiniz kimi, dövlətimiz bu sahədə olduqca ciddi və müsbət addımlar atır. Məktəbdə müəllim şagirdləri ilə birlikdə dərsdən əlavə, boş vaxtlarında onları yardımla bağlı məlumatlandıra bilər. Bu yaxınlarda zəlzələ ilə bağlı bir şagird mənə yaxınlaşıb “Çinarə xanım, mən çox çarəsizəm. İstəyirəm ki, kiməsə köməyim dəysin, amma dəymirmiş kimi hiss edirəm” dedi. Bu zaman aydın oldu ki, uşaqların yardımla bağlı məlumatlanmağa ehtiyacı var. Zəlzələdən zərər çəkən insanlara necə yardım etməyin yolları onlara öyrədilməlidir”.