Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-10 16:29:00
BMU-nun Memarlıq və inşaat fakültəsinin elmi fəaliyyəti müzakirə olunub

Bakı Mühəndislik Universitetində (BMU) Memarlıq və inşaat fakültəsinin 2022-ci ildəki elmi-tədqiqat fəaliyyətinin nəticələrinə, həmçinin qarşıdakı dövr üçün bu istiqamətdə görüləcək işlərin müzakirəsinə həsr olunan tədbir keçirilib.

 

AzEdu.az xəbər verir ki, toplantıda fakültənin Elmi işlər üzrə dekan müavini Vüqar Muradov ötən il üzrə elmi hesabatı təqdim edib. Dekan müavini fakültə üzrə elmmetrik bazalarda işıq üzü görən məqalələr, keçirilmiş elmi tədbirlər, elmi-tədqiqat işləri, habelə Tələbə Elmi Cəmiyyətinin fəal rolu və s. haqda geniş məlumat verib.

 

Sonra çıxış edən universitetin Elmi işlər üzrə prorektoru Elçin Süleymanov BMU-nun 2022-ci il üzrə elmi-tədqiqat fəaliyyətindən danışıb, müvafiq göstəriciləri, illər üzrə müsbət dinamikanı diqqətə çatdırıb. Fakültələr üzrə nəşr aktivliyinə toxunan prorektor dərslik, dərs vəsaiti, monoqrafiyaların, eləcə də impakt faktorlu jurnallarda nəşr sayına görə Memarlıq və inşaat fakültəsinin müsbət mənada fərqləndiyini vurğulayıb.

 

Universitetin dünya elmindəki mövqeyinin hesablanmasında ən çox istifadə edilən nüfuzlu elmmetrik bazalara (“Web of Science” və “Scopus”) daxil edilən nəşrlərin istiqamətlərinə, statistik göstəricələrə toxunan Elçin Süleymanov müəllifin məsuldarlıq indeksi, eyni zamanda elmi məqalə və həmin məqalələrə istinad sayına görə kəmiyyət göstəricisi hesab olunan H-indeksi barədə də məlumat verib. Prorektor əlavə edib ki, “General Universities/Institutions in Azerbaijan top 500” cədvəlində nəşrlərə istinad sayına əsasən, BMU Azərbaycan universitetləri arasında üçüncü yerdə qərarlaşıb. Bu reytinqin müəyyənləşməsində əhəmiyyətli təsiri olan “Google Scholar”- da universitetin elmmetrik profilli əməkdaşlarının sayının artırılmasının vacibliyini önə çəkən prorektor bu istiqamətdə zəruri tövsiyələrini verib.

 

Tədbir adıçəkilən fakültənin elmi fəaliyyətinin daha da gücləndirilməsi və bununla bağlı qarşıda duran vəzifələrin müzakirəsi ilə davam edib.

 

Sonda fakültənin elmi fəaliyyətinə görə fərqlənən və impakt faktorlu elmi jurnallarda nəşrləri olan əməkdaşları təşəkkürnamə ilə təltif edilib.

 

Qeyd edək ki, BMU-nun Elmi işlər üzrə prorektorluğunun təşkilatçılığı ilə 2022-ci ildə ali təhsil ocağının fakültələri üzrə həyata keçirilən elmi-tədqiqat fəaliyyətinin nəticələrinə həsr olunan silsilə tədbirlərə başlanılıb. Bundan öncə ilk tədbir universitetin Pedaqoji fakültəsində təşkil olunub. Növbəti həftə isə digər fakültələr üzrə analoji tədbirlərin keçirilməsi planlaşdırılır.