Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-11 09:55:00
Yeni imtahan qaydaları repetitor institutunu məhv edir? – “Onlarla heç bir nəticə olmayacaq, kurikulumu bilmirlər”  

2019-cu ildə qəbul imtahanları kurikulum proqramı ilə keçiriləcək. Çoxları düşünür ki, bu imtahanlar şagirdlərin repetitorlardan asılılığına son qoyacaq və onların bütün diqqətini məktəbə yönəldəcək. Hətta repetitorların yeni qayda ilə keçiriləcək imtahanların öhdəsindən gəlməyəcəyini düşünənlər də var.

Bəs, mütəxəssislər bununla bağlı hansı fikirdədirlər?

Şagirdlərin repetitorlardan asılılığı ötən illərlə müqayisədə bir qədər azalacaq

Mövzu ilə bağlı  AzEdu.az-a  danışan təhsil mütəxəssisi  Elçin Əfəndi qeyd edib ki, kurikulum proqramı ilə keçirilən imtahanlar fərdi hazırlıq müəllimlərinə ciddi təsir göstərəcək:

“Çünki onların əksəriyyəti  həmin sistemdən xəbərsizdirlər. Kurikulum sisteminin nə olduğunu belə bilmirlər. Dövlət İmtahan Mərkəzi ilə əməkdaşlıq edən müəllimlər üçün bir qədər asan ola bilər. Amma yenə də imtahanların  bu formada götürülməsi repetitorlara təsir edəcək. Kurikulum sistemi ilə uşaqların qiymətləndirilməsini aparmaq onlar üçün bir qədər çətin olacaq.

Onsuz da məktəblərdə kurikulum düz-əməlli tədris olunmur. Orta məktəblərdə şagirdlər informasiyanı dərs deyən müəllimdən düzgün şəkildə ala bilmirlər. Buna görə də DİM kurikulumla imtahan götürdüyü zaman əksəriyyəti “2” aldılar. Kurikulum məktəblərdə səmərəli keçirilsəydi, nəticə elə olmazdı”.

O, kurikulumla olacaq imtahanlara hazırlaşmaq üçün övladını repetitor yanına göndərən valideynlərə müraciət edib:

“Onsuz da övladınız repetitor yanında rahat hazırlaşa bilmir. Çünki onun yollarda vaxtı itir. Bir müəllim tutaq ki, “N.Nərimanov”, digər müəllim isə  “Gənclik” metro stansiyalarının yaxınlığındakı ərazilərdə dərs deyir. Abituriyent üçün ən vacib amil zamandır. O, vaxtını düzgün bölməsə, uğurlu nəticəyə imza ata bilməz. Yaxşı olardı ki, valideynlər övladlarını bir ünvanda hazırlaşdırsınlar. Onsuz da repetitorla nəticə olmayacaq!

Digər tərəfdən də valideyn həmin repetitorun həqiqətən kurikulum sistemini bilib-bilməməsi ilə maraqlanmalıdır. Ümumiyyətlə həmin müəllimin kurikulumun nədən ibarət olması, neçənci ildə bu ölkəyə tətbiq olunması barədə məlumatı varmı? Valideyn bunları araşdırdıqdan sonra repetitora müraciət etməlidir. Ümumiyyətlə, mən repetitorlara üz tutmağın əleyhinəyəm. Yaxşı olardı ki, orta məktəb müəllimləri dərsləri doğru şəkildə keçsinlər və repetitora ehtiyac qalmasın”.

Kurikulum mütəxəssisi İlkin Həsənov isə bu imtahanlar üçün nəzərdə tutulan yeni dərsliklərin əvvəlkilərdən ciddi fərqlənmədiyini bildirib:

“Tarix fənnindən kurikulum təhsil proqramı ilə yazılan kitablar əvvəlki dərsliklərdən fərqlənmir. Dəyişən yalnız kitabın içərisidir. Kurikulumda göstərilən şeylər əslində praktikada öz əksini tapmayıb. Müəllimlər yenə də kitabın içini öyrətməklə məşğuldurlar, adını da kurikulum qoyublar. Əslində bu yanaşmanın özü yanlışdır. Kurikulumla dərs keçməyin öhdəsindən gəlmək deyə birşey yoxdur. Kurikulum 2008-ci ildən tətbiq olunur. 2019-cu ilin yayında abituriyentlər bu qayda ilə imtahan verəcəklər.Amma tarix fənnində bəzi hadisələr çıxarılıb, bəzi hadisələrin illəri dəyişdirilib. Məzmunda cüzi dəyişiklik var, başqa heç nə”.

Onun sözlərinə görə, müəllimlər kurikulumla bağlı bir qədər məlumatsızdırlar:

 “Onların kurikulumun nə olması ilə bağlı böyük maariflənməyə ehtiyacları var. O dərsliklər əslində kurikulumla deyil. Bu məsələdə çox naşılıq var. Hamısı kurikulumun nəzəriyyə və praktikasını bilməməkdən irəli gəlir. “Kitabın içərisini dəyişmək” və “kurikulumla dərs demək” tam fərqli anlayışlardır. Kurikulum bilik və bacarığa yönəlir. Amma təəssüf ki, bizim kurikulumla yazılmalı olan kitablar bacarığa deyil, yalnız biliyə yönəlib. Əvvəl də dərsiklər bilikyönümlü idi. Kurikulumla yazılan kitablar da belədir, heç bir bacarıq vermirlər. Beləcə kurikulum yarımçıq qalır. Kurikulum bu dövr üçün yaxşıdır. O halda ki, müəllimlər onu həqiqətən başa düşüb tətbiq edə bilsinlər. cüzi dəyişikliklər kurikulum demək deyil”.

İlkin Həsənov isə qeyd edib ki, yeni üsulla imtahanlar şagirdlərin repetitordan aslılığına təsir göstərməyəcək:

“Həmin tendensiya qalacaq. Əksinə, bir az artım ola bilər. Çünki kurikulum proqramı ilə nəşr olunan kitablar əvvəlkilərdən köklü fərqlənmir. Mən öz ixtisasım olduğuna görə tarixi misal göstərirəm. X-XI sinif kitabları VI, VII, VIII, IX siniflərin təkrarıdır. Konspekt kimi əlavə məlumatlar da var.Bir çox hallarda şagirdlərdən kitablarda çətinlik çəkdiklərinə görə repetitorlara müraciət edəcəklər. Asılılıq əksinə, arta bilər ki, azala bilməz”.

Qeyd edək ki, 2019-cu ildə keçiriləcək qəbul imtahanlarında şagirdlərə hər fənn üzrə 30 test tapşırığı təqdim olunacaq. Bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq formalı olacaq. Açıq formalı tapşırıqlardan 3-ü yazılı şəkildə cavablandırılması tələb olunan situasiya və yaxud  mətn əsasında hazırlanan tapşırıqlardır. Digər açıq formalı tapşırıqlar isə uzun müddətdir istifadə olunan hesablama, seçim, xronologiya, uyğunluğu müəyyənetmə tipli tapşırıqlar olacaq.

Situasiya və ya mətn üzrə təqdim olunan açıq formalı test tapşırıqları  0, 1 və ya 2, digər formalı açıq, eləcə də qapalı testlər isə 0 və ya 1 balla qiymətləndiriləcək.

Qapalı formalı tapşırıqlar üzrə səhv cavabların sayının 1/4-i ümumi baldan çıxılacaq. Açıq formalı test tapşırıqları üzrə səhvlər isə düzgün cavabların nəticəsinə təsir göstərməyəcək.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları