Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-10 17:27:00
Abituriyentləri nigaran qoyan yeni imtahan qaydaları ilə bağlı çağırış – “Bunlara aldanmayın!”

Növbəti ildən imtahanların yeni qaydada keçiriləcəyi gözlənilir.

2019-cu ildə kurikulum sistemində təhsil alanların ilk buraxılışıdır. Ali təhsil müəssisələrinə imtahan verən abituriyentləri maraqlandıran əsas suallardan biri də yeni hansı vəsaitlərin olması, hansılarla hazırlaşmağın rahatlığı və qəbulda kömək etməsidir.

Bununla bağlı AzEdu.az-a açıqlaması zamanı ekspert Kamran Əsədov ilk olaraq yeni modeldən danışıb:

 “2019-cu ildə ali məktəblərə tətbiqi nəzərdə tutulan imtahanların modeli belədir: tam (11 illik) orta təhsil səviyyəsi üzrə yekun qiymətləndirilmə (buraxılış) imtahanları  bir mərhələdə – tədris dili, riyaziyyat, xarici dil fənləri üzrə keçiriləcək. Bu mərhələdə şagirdlərin bilikləri yeni təhsil proqramları (kurikulum) əsasında, tələb olunan bacarıq və vərdişlərin yoxlanılması üçün açıq və qapalı tipli tapşırıqlardan istifadə olunmaqla qiymətləndiriləcək. Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanı 5 ixtisas qrupu üzrə aparılacaq. Abituriyentlər I, II,III və IV qrupa aid ixtisaslara qəbul olmaq üçün 3 fənn üzrə imtahan verəcəklər. Müsabiqə zamanı abituriyentlərin buraxılış imtahanından əldə etdikləri nəticələri də nəzərə alınacaq və qəbul imtahanından toplanılan balın üzərinə əlavə olunacaq. Yəni abituriyentlər buraxılış və qəbul imtahanlarında topladıqları balların cəminə əsasən ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edəcəklər”.

 K.Əsədov bildirib ki, V ixtisas qrupu (ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları) və orta ixtisas təhsili müəssisələri üzrə müsabiqə buraxılış imtahanının nəticələrinə əsasən aparılacaq:

 “V ixtisas qrupunun və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyən abituriyentlər əlavə olaraq qabiliyyət imtahanı da verəcəklər. Buraxılış imtahanları maksimum 300, qəbul imtahanları isə 400 balla qiymətləndiriləcək. Artıq yeni tədris ili üçün X və XI sinif şagirdləri hazırlıqlara başlayıblar. Amma onlar hansı proqramdan hazırlaşmalı olduqlarını bilmirlər, çünki DİM tərəfindən hələ də 2019-cu ildə keçiriləcək imtahanların proqramı nəşr olunmayıb.  Bir çox şəxslər və kurslar özlərində proqramlar və vəsaitlər çap edib, qəbulun onların vəsaiti formatında aparacağını bildirirlər. Valideynlərə tövsiyə edirəm ki, bu kimi reklamlara aldanmasınlar. 2019-cu ildə imtahan verəcək XI sinif şagirdləri və məzunlar ali məktəblərə hazırlaşmaq üçün Təhsil Nazirliyinin nəşr etidiyi orta məktəb kitablarından və DİM tərəfindən buraxılan sinif test kitabçalarından istifadə etsinlər. 2019-cu ildə qəbul imtahanlarında istifadə olunacaq test tapşırıqları orta məktəb kitablarından hazırlanacaq və o test tapşırıqlarının modelləri DİM tərəfindən siniflər üzrə ayrıca nəşr olunub”.

Ekspert sonda qeyd edib ki, 2018-ci il 15 sentyabrdan isə DİM tərəfindən  rəsmi siniflər üzrə yeni test kitabçaları nəşr olunacaq.