Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-14 13:10:00
"Azərbaycanda professor və müəllimlər Boloniya sistemini  anlamırlar"-TƏHLİL 

"Təəssüf  ki, Azərbaycan universitetlərinin 90%-i dünya reytinqlərində yoxdur. Azərbaycanda ali təhsilin yenilənməməsi heç kəsə sirr deyil".

 

 

Ötən günlərdə AzEdu Təhsil Portalının təşkilatçılığı ilə “Azərbaycan universitetləri beynəlxalq reytinq müstəvisində:gerçəklik və hədəflər” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə Azərbaycan universitetlərinin beynəlxalq reytinq cədvəllərində irəliləməsi, bu istiqamətdə atılan addım və mövcud problemlərə toxunulub.

 


Mövzu ilə bağlı AzEdu.az-a danışan “Azərbaycan Universitetləri“ platformasının rəhbəri Zöhrab Süleymanov qeyd edir ki, ali təhsil müəssisələrində köhnə sovet tədris sistemi davam etdirilir".

 

"Təəssüf  ki, Azərbaycan universitetlərinin 90%-i dünya reytinqlərdə yoxdur. Azərbaycanda ali təhsilin yenilənməməsi heç kəsə sirr deyil. Ali məktəblərdə köhnə sovet tədris sistemi davam etdirilir. Ümumiyyətlə, Azərbaycanda professor-müəllim heyəti əsasən Boloniya sistemindən xəbərsizdir, bu sistemin mahiyyətini anlamır. Anlamadığından da onu təhrif olunmuş bir şəkildə tətbiq edir, hər zaman da əleyhinə təbliğat aparır.

 

Ali məktəbi əla qiymətlərlə bitirən məzunlar iş tapa bilmir.

 

Ali məktəbi əla qiymətlərlə bitirən məzunların çoxusu işsiz gəzib dolaşır, zəif oxuyanlar isə hansısa yollarla iş tapa bilir. Buna görə də Azərbaycanda təhsilə yalnız diploma sahib olmaq vasitəsi kimi baxırlar.

 

Əlbəttə ki, istisnalar da var. Azərbaycanın təhsil oclaqlarında 200 minə yaxın tələbə təhsil alır. Hər il qəbul planı yerinin 50 minə yaxın olduğunu nəzərə alsaq, təəssüf ki, ali məktəblərin qəbul etdikləri tələbələri peşəkar kadr kimi hazırlaya bilmirlər".

 

Z. Süleymanov dünya reytinq siyahısında universitetlər yüksək bal alanda bir neçə xüsusiyyətlər nəzərə alındığını amma ölkəmizdə fəaliyyət göstərən universitetlərin əksəriyyətində bu xüsusiyyətlərin olmadığını bildirib:

 

"Dünya reytinq siyahısında universitetlər yüksək bal alanda bir neçə xüsusiyyətlər nəzərə alınır. Bura universitetin kampusunun, yataqxanasının, kitabxanasının və elmi bazasının olması daxildir. Ölkədə fəaliyyət göstərən universitetlərin əksəriyyətində bu sadalananlar yoxdur. Yataqxanası olan universitetlərin ya yataqxanaları yararsız vəziyyətdədir, ya da bütün tələbə kontingentini əhatə edə bilmir. Burada da istisna halları mövcuddur.

 

Müxtəlif reytinq dərgilərinin hazırlanması zamanı həmin universitetlərdə təhsilin qiyməti, yataqxana şəraiti, qlobal təhsil sisteminə çıxış imkanları, müasir avadanlıqlarla təchiz olunma səviyyəsi, professor-müəllim heyətinin personal uğurları, önəmli indeksli jurnallarda elmi məqalələrdə təmsil olunma və s. meyarlar əsas götürülür".

 

O, universitetlər artıq dünya təhsilini bilən menecerlər tərəfindən idarə etməli olduğunu bildirib:

 

"Dünyanın nüfuzlu agentlikləri dünya universitetlərinin reytinqin tərtib olunmasında bir neçə meyar - akademik aləmdən olan ekspertlərin rəyi, professor-müəllim heyətinin tələbələrin sayına nisbəti, işəgötürənlər arasında reputasiyası, sitat gətirilmə indeksi, həmçinin xarici müəllim və tələbələrin payı nəzərə alınır.

 

Hesab edirəm ki, universitetlər artıq dünya təhsilini bilən menecerlər tərəfindən idarə olunmalıdır. Artıq dünya universitetləri özləri pul qazanır, böyük büdcəyə sahibdirlər. Bizim universitetlər isə bu tendensiyalardan kənarda qalır. Ona görə də ali təhsil pilləsində ciddi şəkildə islahatlar həyata keçirilməlidir, müasir təhlili bilən, dünya təhlilindən xəbərdar olanlar idarəetməyə cəlb olunmalıdırlar"-deyə o bildirib.

 

Gülcahan Məmmədova
Müəllifin digər yazıları