Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-07 16:40:00
Azərbaycan və İtaliya alimləri birgə tədqiqatlar aparırlar

İtaliya Milli Tədqiqatlar Şurasının (CNR) Ətraf Mühitin Təhlili Metodologiyası İnstitutunun əməkdaşı, professor Lusiano Teleska Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya və Geofizika İnstitutunda olub.

AMEA-dan AzEdu.az-a bildirilib ki, məqsəd “Mingəçevir (Azərbaycan) ərazisində su anbarında yaranan yönəldilmiş seysmik effektin tədqiqi və seysmik təhlükənin qiymətləndirilməsi” mövzusunda birgə reallaşdırılan elmi-tədqiqat layihəsi ilə bağlı müzakirələr aparmaqdır. Layihənin rəhbərləri AMEA-nın Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov və L.Teleskadır.

Alimlər görüş zamanı Mingəçevir su anbarı ətrafında olan GPS stansiya məlumatlarının fraktal və spektral analizi nəticələrini, həmçinin iş planını müzakirə ediblər. Bundan əlavə, gənc alimlər üçün yerin geofiziki sahələrinin monitorinqi ilə əldə edilən zaman ardıcıllıqlarının analiz və interpretasiya metodlarına dair İtaliyada keçirilməsi planlaşdırılan seminarla bağlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, bu layihə AMEA ilə CNR tərəfindən 2017-ci ildə birgə elan olunmuş müsabiqədə qalib gəlib. Layihənin icrasında AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları da iştirak edirlər.