Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-31 13:24:00
Nazir yenidən müəllimlərin maaşından danışdı: “Bu, əməkhaqqının azaldılması deməkdir”

 

 

“Məlumdur ki, hazırda məktəblərimizdə 17 fənn tədris edilir.  Hər hansı bir fənni tədris planından çıxarmaq, yaxud birini digərilə əvəz etmək kifayət qədər həssas mövzudur”.

 

 

AzEdu.az xəbər verir ki, bunu Elm və təhsil naziri Emin Əmrullayev AzTV-nin efirində yayımlanan “45 dəqiqə” verilişində qeyd edib.

 

Nazir fənlərarası inteqrasiyanın vacibliyini vurğulayıb:

 

“Təhsildə kompromislərin vaxtı çatacaq, fənlərarası inteqrasiya isə vacib məsələdir. Bir fənnin proqramdan çıxarılması ilə bağlı məsələ emosional qarşılanır, müəyyən polemikaya səbəb olur. Müasir təhsil 17 fənnə ayrı-ayrı deyil, bu fənlərin birləşməsilə düzgün təhsil-təlim məqsədləri müəyyən edib, bu fənlərin vasitəsilə həmin məqsədlərə çatmağı mümkün edir.  Məsələn, STEAM təhsili buna əsaslı nümunədir. Bunun üçün isə təhsil ictimaiyyətimiz məsələni qəbul etməli, mənimsəməli və tətbiq etməlidir”.

 

Nazir fənlərin proqramdan çıxarılması məsələsinin müəllimlərin əməkhaqqına təsirindən söz açıb:

 

“Bu gün bizim yaşlı nəsil 7 yaşlı uşağın nə öyrənməli olduğunu müəyyən edir, hər şeyi bilməsini istəyir. Beləliklə 1-10-cu siniflər arası 300-dən artıq kitab meydana gəlir.  İndiki məqamda “hansı fənni çıxarmaq lazımdır?” sualı meydana gəlir ki, bu doğru yanaşma deyil. İnteqrativliyə getmək lazımdır. Hər hansı bir fənni azaltmaq, dərs saatına əsasən, o fənni tədris edən müəllimin əməkhaqqını da azaltmaq deməkdir. Ona görə də biz bu müzakirələri bəzən çox dərinə getmədən, səthi olaraq aparırıq. Bəli, uşaqlarımızın daha müvafiq məzmunla təmin edilməsi vacibdir. Amma bu bizim müəllimlərimizdən də, cəmiyyətimizdən də, daha adekvat, soyuqqanlı, daha az emosiyalı olan konstruktiv, elmi müzakirə tələb edir”.