Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-17 14:24:00
“Sahibkar məktəbli” II respublika müsabiqəsinə qeydiyyat davam edir  

Elm və Təhsil Nazirliyinin dəstəyi, “Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi” publik hüquqi şəxsin təşkilatçılığı ilə “Sahibkar məktəbli” II respublika müsabiqəsinə qeydiyyat davam edir.

Nazirlikdən AzEdu.az-a bildirilib ki, müsabiqənin məqsədi uşaq və gənclərin biznes və sahibkarlıq bacarıqlarının formalaşdırılması və inkişaf etdirilməsi, istedadlı məktəblilərin yaradıcı təşəbbüslərini həyata keçirmək üçün şəraitin yaradılması, gənc ixtiraçıların peşəkarlıq qabiliyyətlərinin təkmilləşdirilməsi, uşaq və gənclərin asudə vaxtının səmərəli təşkilinin təmin edilməsi və perspektivli gənclərin aşkar edilməsindən ibarətdir.

Respublikada fəaliyyət göstərən ümumtəhsil məktəblərinin şagirdləri müsabiqədə iki yaş qrupunda (10-13 yaş və 14-16 yaş) fərdi, həmçinin 3 və ya 5 nəfərdən ibarət komandalar şəklində iştirak edə bilərlər.

Müsabiqə internet sahibkarlığı (satış), sosial, ictimai sahədə sahibkarlıq, art marketinq üzrə sahibkarlıq, ekoloji təmiz məhsul üzrə sahibkarlıq, resursların təkrar emalı - yeni məhsulların dizaynı və istehsalı nominasiyaları üzrə təşkil olunacaq.

Müsabiqə beş mərhələdən ibarətdir.

Birinci mərhələ oktyabrın 1-dən 30-dək keçirilir. Bu mərhələdə müsabiqəyə qatılacaq iştirakçılar özləri haqqında məlumatları ərizə formalarına (fərdi - Əlavə 1, kollektiv - Əlavə 2, Əlavə 3) uyğun doldurub “Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi” publik hüquqi şəxsin [email protected] elektron ünvanına göndərir.

İkinci mərhələdə (noyabrın 1-dən dekabrın 1-dək) startap və sahibkarlıq fəaliyyəti, mentorluq anlayışı üzrə təlimlər hibrid formada keçiriləcək.

Üçüncü mərhələdə (dekabrın 1-dən 15-dək) iştirakçılar tərəfindən videoçarx və layihə təqdimatları hazırlanacaq.

Dördüncü mərhələ dekabrın 15-dən 25-dək keçiriləcək. Bu mərhələdə videoçarxlar, təqdimatlar üçün təqdim edilən ərizələrin toplanması, təhlili, layihələrin qısa siyahısı formalaşdırılacaq.

Dekabrın 27-də keçiriləcək final mərhələsində seçilmiş startap layihələrinin təqdimatı aparılacaq və qaliblər müəyyənləşdiriləcək.

Müsabiqənin keçirilmə şərtləri və qaydaları, həmçinin qiymətləndirmə meyarları Əsasnaməyə uyğun aparılır.

“Sahibkar məktəbli” II respublika müsabiqəsində 2 xüsusi qalibi, hər yaş qrupu və nominasiyalar üzrə I, II, III yerlərin qalibləri Elm və Təhsil Nazirliyinin diplom və qiymətli hədiyyələri ilə mükafatlandırılır. Bütün iştirakçılara sertifikatlar təqdim olunur.

Qeyd edək ki, müsabiqə ilə bağlı sual yarandıqda iştirakçılar +994 12 492 57 67, +994 55 630 73 03 telefon nömrələri ilə əlaqə yarada bilərlər.