Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-11 17:30:00
3 universitetin tələbələri üçün vebinar təşkil edilib

Oktyabrın 11-də Təhsil İnstitutu “SABAH Magistratura” proqramı çərçivəsində Bakı Dövlət Universitetinin (BDU) kompüter elmləri və texnologiyaları, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) təlim və tədrisin təşkili və metodikası, Azərbaycan Texniki Universitetinin (AzTU) logistika və nəqliyyat ixtisaslaşmaları üzrə təhsil alan tələbələri üçün “Emosional zəka” mövzusunda vebinar təşkil edib.

 

İnstitutdan AzEdu.az-a bildirilib ki, beynəlxalq ekspert və idarəetmə üzrə məsləhətçi, “GDG Professionals” şirkətinin baş direktoru Gülzar Quliyeva tərəfindən keçirilən vebinar tələbələr tərəfindən böyük maraqla qarşılanıb. Gülzar Quliyeva tələbələrə iş təcrübəsi haqqında məlumat verib. Təlimçi iştirakçılarla emosional zəkanın tərkib hissəsi olan “Özünü tanıma”, “Özünü idarəetmə”, “Motivasiya”, “Sosial bacarıqlar” və “Empatiya” haqqında geniş müzakirə aparıb.

 

Vebinarın ikinci hissəsində həmin şirkətin İR meneceri Səbinə Zairova tələbələrə reaksiyalar və onun növləri olan “əks cavab”, “geriyə çəkilmə” və “münasibətləri kəsmək”lə bağlı geniş məlumat verib. O, həmçinin ünsiyyət zamanı “qadağa olunmuş sözlər”i daha yaxşı ünsiyyət üçün müsbət ekvivalentlərinə çevirmə yollarından danışıb. Bununla yanaşı, interaktiv formada keçən vebinarda tələbələrə emosiyaların idarə edilməsi ilə bağlı videoçarxdan fraqment göstərilib.

 

Qeyd edək ki, Təhsil İnstitutu BDU, ADPU və AzTU-da “SABAH Magistratura” proqramının məzmununun hazırlanması və tələbələrin dərsdənkənar fəaliyyətlərinin təşkilini həyata keçirir.