Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-06 09:27:07
İsrailli alimlər Əlyazmalar İnstitutunda qorunan tibbə dair qədim ərəbdilli əlyazmalarla maraqlanırlar

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda İsrail Bar-İlan Universitetinin əlyazmaşünas alimləri - professor Zohar Amar və Yaron Serri ilə görüş keçirilib.

İnstitutdan AzEdu.az-a bildirilib ki, görüşdə qonaqlar orta əsr əlyazmaları əsasında tibbin tarixini, dünyanın bitki örtüyünü öyrəndiklərini diqqətə çatdırıblar. İsrailli alimlər Əlyazmalar İnstitutunda mühafizə olunan tibbə dair qədim ərəbdilli əlyazmalarla maraqlandıqlarını vurğulayıblar.

Əlyazmalar İnstitutu direktorunun elmi işlər üzrə müavini, filologiya elmləri doktoru Paşa Kərimov, əlyazmaların və əski çap kitablarının tərcüməsi şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Fərid Ələkbərli qonaqları UNESCO-nun qeyri-maddi-mədəni irs siyahısında yer almış tibbə dair üç nəfis əlyazma ilə tanış ediblər.

Əlyazmalar İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfov bu elm müəssisəsinin ekspozisiya zalında israilli qonaqlara binanın tarixi, burada qorunan əlyazmalar haqqında məlumat verib.