Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-10 15:31:00
“Məktəbli EKOkönüllü” layihəsi ictimaiyyətə təqdim olundu

Elm və Təhsil Nazirliyi tərəfindən elan edilən Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI qrant müsabiqəsi çərçivəsində “Məktəbli EKOkönüllü” layihəsinin təqdimatı keçirilib.

 

AzEdu.az xəbər verir ki, təqdimat mərasimi Qala qəsəbəsində “Təmiz Şəhər” ASC tərəfindən yaradılmış “Tullantıdan sənətə” muzeyində baş tutub.

 

Tədbiri açan layihə rəhbəri Nofəl Şirinov bildirib ki, qlobal xarakter alan ekoloji problemlər hazırda planetimizin hər bir sakinini və gələcək nəsilləri təhdid edir. Ətraf mühiti görünüşünü dəyişən, biomüxtəlifliyin növ zənginliyini azaldan, atmosfer havasını, torpağı və suyu çirkləndirən təbiətə atılan tullantılardır. Məişətdə əmələ gələn tullantıların yerləşdirilməsi və zərərsizləşdirilməsi sisteminin müasir standartlara uyğun olması, düzgün idarə edilməsi ekoloji vəziyyətin yaxşılaşmasına, insan sağlamlığına təsir göstərən əsas amillərdən biridir. Mövcud problemlərin təsiri planetimizin hər bir sakinini narahat etməlidir və bu məqsədlə ölkəmizdə məktəblilər arasında “EKOkönüllü” şagirdlərin yetişdirilməsi və bu fəaliyyətin bütün ölkəyə yayılması zəruridir.

 

Layihə çərçivəsində Qala qəsəbəsində yerləşən Kəlbəcər rayon 19 saylı tam orta məktəb mərkəz olmaqla Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 216, 185, 92, 323 nömrəli məktəblərin şagirdləri bu layihəyə cəlb olunub. Dörd mindən çox şagirdi əhatə edəcək “Məktəbli EKOkönüllü” layihəsi 5 ay davam edəcək və şagirdlərə həm könüllülük, həm də ekoloji problemlərin aradan qaldırılması ilə bağlı əhəmiyyətli biliklər aşılanacaq.

 

Daha sonra çıxış edən “Təmiz Şəhər” ASC-nin şöbə müdiri Orxan Cabbarov qeyd edib ki, Bakının Qala qəsəbəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə tullantıların idarə edilməsi “Təmiz Şəhər” ASC tərəfindən həyata keçirilir. Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə qrant müsabiqəsi qalibi olan “Məktəbli EKOkönüllü” layihəsinin Qala qəsəbəsində yerləşən məktəbləri əhatə etdiyini nəzərə alaraq “Təmiz Şəhər” ASC çeşidlənmiş tullantıların daşınması, praktiki təlimlərin keçirilməsi və digər məsələlərin həllində tərəfdaş kimi çıxış edəcək.

 

Təqdimat mərasimində digər çıxış edənlər layihənin şagirdlərdə təbiətə sevgi aşılayacağını və Qala qəsəbəsində ekoloji mühitin daha da sağlamlaşdırılmasına müsbət təsir göstərəcəyini bildirərək, “Məktəbli EKOkönüllü”lərə uğurlar arzulayıblar.

 

Daha sonra, orta məktəblərə yerləşdiriləcək çeşidləmə qutularından istifadə qaydaları izah edilib və “Məktəbli EKOkönüllü”lərə tullantıların düzgün idarə olunması ilə bağlı məlumatlandırıcı bukletlər paylanılıb.