Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-29 15:00:00
AzTU-nun rektoru Madrid Politexnik Universitetinin professor-müəllim heyəti ilə görüşüb-FOTO

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev İspaniyaya işgüzar səfəri çərçivəsində Madrid Politexnik Universitetinin qonağı olub və universitetin professor-müəllim heyəti ilə görüşüb.

 

AzEdu.az xəbər verir ki, görüşdə, həmçinin AzTU-nun Universitet-Sənaye Əməkdaşlığı və Ömürboyu Təhsil Mərkəzinin müdiri Aynurə İsmayılova, Energetika Nazirliyinin Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin  direktoru Cavid Abdullayev və şöbə müdirinin müavini Fuad Həsənov, “Azalternativ” MMC-nin direktoru Madar Quliyev iştirak ediblər. 

 

Görüş zamanı bərpa olunan enerji mənbələri üzrə magistratura səviyyəsində ikili diplom proqramının həyata keçirilməsi müzakirə edilib. Hazırda icrası davam etdirilən “Erasmus+” layihəsi çərçivəsində növbəti ildən professor-müəllim heyətinin, eləcə də magistr və doktorant tələbələr arasından seçilən 6 nəfərin Madrid Politexnik Universitetinə təcrübə mübadiləsinə göndərilməsi ilə bağlı məsələlərə dair razılıq əldə olunub.

 

Həmçinin perspektiv əməkdaşlıq, universitet-sənaye işbirliyinin inkişafı, habelə birgə layihələrdə iştirakla bağlı da faydalı müzakirələr aparılıb.

 

Daha sonra Azərbaycan nümayəndə heyəti İspaniya Sənaye Nazirliyi və Madrid Politexnik Universitetinin birgə təşəbbüsü ilə 1949-cu ildə əsası qoyulan LCOE Yüksək Gərginlikli Texnologiya Mərkəzi ilə tanış olub.