Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-08-22 15:27:00
40-dan çox elmi nəşrin, bir çox kitabların müəllifi-Əbülfəz Elçibəyin TƏHSİL HƏYATI

Bu gün milli azadlıq hərəkatının lideri, Azərbaycan Respublikasının ikinci prezidenti (1992-1993) Əbülfəz Elçibəyin anım günüdür.

 

AzEdu.az Azərbaycan Respublikasının ikinci prezidentinin təhsil həyatını təqdim edir:

 

Əbülfəz Elçibəy 24 iyun 1938-ci ildə Naxçıvanın Ordubad rayonunun Kələki kəndində anadan olub.

 

Orta təhsil həyatı

 

7 illik Unuskənd məktəbini bitirdikdən sonra Ordubad şəhər 1 saylı orta məktəbdə təhsilini davam etdirib.

 

Ali təhsil yolu

 

1957-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsinə daxil olub. 1962-ci ildə  buranı bitirdikdən sonra  təyinatla SSRİ Hidrolayihə İnstitutunun Bakı şöbəsində tərcüməçi işləyib.

 

Xarici ezamiyyələr

 

1963-cü ilin yanvarında Misir Ərəb Respublikasına göndərilən Əbülfəz Elçibəy 1964-cü ilin oktyabrına kimi Asuan bəndinin tikintisində tərcüməçi kimi çalışıb.

 

Xarici ezamiyyətdən dönərək 1965-ci ildə ADU-nun aspiranturasına daxil olub və  təhsilini 1968-ci ildə uğurla tamamlayıb.

 

Alimlik dərəcəsi

 

1969-cu ildə “Tulunilər dövləti (868–905)” mövzusunda dissertasiya müdafiə edərək tarix elmləri namizədi dərəcəsi alıb.

 

Müəllimlik fəaliyyəti

 

1968-1975-ci illərdə ADU-nun "Asiya və Afrika ölkələri tarixi" kafedrasında müəllim və baş müəllim işləyib.

 

Ağır keçən həbs günləri

 

Azərbaycan Dövlət Təhlükəsizlik Kommitəsi onu tələbələr arasında millətçi və antisovet təbliğatı aparmaq adı ilə həbs edir və 17 iyul 1976-cı ilədək siyasi dustaq olaraq azadlıqdan məhrum edilir. Əsasən Qaradağ daş karxanasında ağır fiziki işlərə məhkum edilir.

 

Elmi fəaliyyət, rütbə, vəzifə

 

Həbsdən buraxıldıqdan sonra bir müddət işsiz qalır. 1976-cı ilin dekabrında Azərbaycan Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda  kiçik elmi işçi kimi fəaliyyətə başlayır. Sonralar böyük elmi işçi, şöbə müdiri, aparıcı elmi işçi elmi rütbə və vəzifələrə qədər yüksəlir.

 

Klassik və müasir ərəb dilini, İslam dininin əsaslarını, şərq ölkələrinin elm, tarix, fəlsəfə və mədəniyyətini incəliklə bilən Əbülfəz Elçibəy Azərbaycan tarixşünaslıq və şərqşünaslığında  öyrənilməyən sahələrdə çox dəyərli və əsaslı elmi araşdırmalar aparıb. Onun 40-dan artıq sanballı elmi əsəri nəşr edilib. Bunların içərisində BDU-nun "Elmi əsərlər"ində, EA-nın "Xəbərlər"ində, "Əlyazmalar xəzinəsində" toplusunda və s nəşrlərdə çıxan "Əhməd ibn Tulun və Tulunilər dövlətinin yaranması" (1967), "Abbasilər xilafətinin tənəzzülü və parçalanmasına dair" (1968), "9–10-cu əsrlər Ərəb-Misir ədəbiyyatı haqqında" (1971), "Tulunilər dövləti və Qərmətilər" (1971), "Abbasilər xilafətinin parçalanması və feodal dövlətlərinin yaranmasına dair" (1971), "9-cu yüzilliyin 2-ci yarısında Misirdə sənətkarlıq və ticarət" (1972), "Hənəfilik və onun əsas qaydaları" (1986), "Əhməd Tantarani Maraği və onun "Tantaraniyyə" qəsidəsi" (1987) və b. bir çox digər tədqiqatlarını göstərmək olar.

 

Alimin bütünlüklə yeni düşüncələr toplusu olan kitabları: "Tolunoğulları dövləti (868–905)" (İstanbul, 1997) və "Bütöv Azərbaycan yolunda" (İstanbul, 1998) dünya şərqşünaslıq elminə dəyərli töhfə verib.

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları