Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-08-21 17:34:00
Cəmiyyətin dəyərləri və dəyərlər cəmiyyəti:Ali təhsilin yeri

CƏMİYYƏTİN DƏYƏRLƏRİ VƏ DƏYƏRLƏR CƏMİYYƏTİ: ALİ TƏHSİLİN YE

 

AzEdu.az UNEC rektoru, professor Ədalət Muradovun ali təhsil və onun məsuliyyəti haqqında bəzi mülahizələrini təqdim edir:

 

Son dövrlərdə sosial şəbəkələrdə milli-mənəvi dəyərlərlə ziddiyyət təşkil edən paylaşımların sayı əhəmiyyətli dərəcədə artmışdır. Sanki cəmiyyət və əsrlər boyunca qoruyub saxladığımız dədə-baba dəyərlərimiz sınağa çəkilir. Bütün bunlara baxmayaraq, inanıram ki, cəmiyyətimiz bu sınaqdan da daha sağlam çıxacaq.

Baş verənlər fonunda ali təhsil və onun məsuliyyəti haqqında bəzi mülahizələrimizi bölüşmək qərarına gəldik. 

Cəmiyyətdə oturuşmuş əsas fikir ondan ibarətdir ki, universitetlər əmək bazarının tələblərinə uyğun mütəxəssislər yetişdirməlidirlər. Başqa sözlə, ali təhsilə əsasən işçi qüvvəsi yetişdirən təsisat kimi baxılır. Fərqli baxışlara demək olar ki, rast gəlinmir. Beləliklə, univetsitetlərdən və müxtəlif hazırlıq kurslarından gözləntilər eyniləşdirilir. 

Reallıqda isə cəmiyyətin və onun dəyərlərinin gələcəyi əmək bazarının tələblərinə cavab verən mütəxəssislərdən əsla asılı kimi görünmür. 

Cəmiyyəti formalaşdıran, onun dəyərlərini qoruyan və inkişaf etdirən əsas amil, əsas qüvvə kimi cəmiyyət tərəfindən qəbul edilən dəyərlərə malik olan və həmin dəyərləri cəmiyyətə aşılaya bilən şəxsiyyətlər qəbul edilir. Ali təhsil bu şəxsiyyətləri formalaşdıra bilirmi və yaxud bilərmi?

Doğru qeyd edilir ki, “təhsil fərdin mədəniyyətindən başqa bir şey deyil”. Yeni bilik və bacarıqlar əldə etmək prosesi kimi ali təhsil “mədəniyyət adamının” formalaşması prosesi kimi də qəbul edilir. Başqa sözlə, ali təhsil elə bir prosesdir ki, o, həm də elə mədəni bacarıqları yaradır (yaratmalıdır) ki, onlar təhsilalanın özünü şəxsiyyət kimi formalaşdırmasını təmin edir.

Ali təhsil ancaq kənardan, səthi baxanda konkret bilik, bacarıq və vərdişlərin formalaşmasına, konkret olaraq hər hansı bir fəaliyyət növü ilə məşğul olmağa yönəlmiş kimi görünür. Mahiyyət etibarı ilə ali təhsil əsasən təhsilalanın özünütəhsil və özünüinkişaf bacarıqlarının formalaşmasıdır. Qəbul etmək lazımdır ki, heç bir ali təhsil insanı öyrəndiyi peşənin və son nəticədə gələcək həyatının bütün özəlliklərinə hazırlaya bilmir. Bu heç mümkün də deyil.

Təhsil prosesi həm də mədəni prosesdir, çünki o dialoqa əsaslanır.

Təhsilin mahiyyətini və məzmununu da son nəticədə mədəniyyət müəyyən edir.

Təhsil, proses kimi xüsusi olaraq seçilmiş mədəniyyət nümunələri və dəyərlərinə əsaslanır. Yəni, təhsil xüsusi mədəniyyət mühitidir.

Ali təhsilin nəticəsi sosiallaşmış insandır. Təhsil müəssisəsi şəxsiyyətin yetişməsinə hədəflənməməlidir. Çünki, şəxsiyyət fərdin özünün səyləri hesabına formalaşır. Yəni şəxsiyyət fərdin özünün hədəfidir. Həqiqət həm də ondan ibarətdir ki, şəxsiyyət ali təhsilin deyil, məhz mədəniyyətin məhsuludur! Təhsil isə bu prosesə ancaq şərait yarada və yardım edə bilər.

Beləliklə, cəmiyyətin sağlamlığı, milli dəyərlərin dominantlığı cəmiyyətin şəxsiyyətlərə, təhsilə və eləcə də, özünə baxışından asılıdır...