Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-01 09:27:00
AzTU əməkdaşları Bakının bir sıra məktəblərinin XI sinif şagirdləri ilə görüşüb-FOTO

Azərbaycan Texniki Universitetinin (AzTU) əməkdaşlarının respublikanın şəhər və rayonlarında texniki yönümlü ixtisaslara marağı olan XI sinif şagirdləri ilə yaxından tanışlıq məqsədilə sonuncu görüşü keçirilib.

 

AzEdu.az xəbər verir ki, Bakının Nizami, Sabunçu, Xətai, Suraxanı, Xəzər və Pirallahı rayonlarının ümumtəhsil müəssisələrində təhsil alan XI sinif şagirdləri ilə onlayn təşkil edilən görüşlərdə məktəblərin rəhbərliyi, şagirdlərin müəllimləri və valideynləri iştirak edib.

 

Əvvəlcə AzTU-nun tanıtım videoçarxı nümayiş olunub. Daha sonra AzTU əməkdaşları universitetdə görülən işlər, həyata keçirilən yeniliklər barədə təqdimatla çıxış ediblər. Universitetin tarixi, fakültələri, ixtisasları, beynəlxalq əlaqələri, ikili diplom proqramları, laboratoriyaları, karyera imkanları və digər vacib məlumatlar slaydlar vasitəsilə məktəblilərin diqqətinə çatdırılıb.

 

Məktəb direktorları və müəllimlər AzTU ilə əməkdaşlıqdan məmnunluqlarını ifadə edib, həmçinin universitetin ətraflı təqdimatına görə təşəkkürlərini bildiriblər.

 

Sonda şagirdlərin və valideynlərin sualları cavablandırılıb.