Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-14 16:22:00
BMU-da Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib  

Bakı Mühəndislik Universitetində (BMU) 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.

 

Öncə ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövrünü özündə əks etdirən “Milli qurtuluşdan intibaha” adlı sənədli film nümayiş olunub.

 

AzEdu.az xəbər verir ki, açılış nitqi ilə çıxış edən BMU-nun rektoru, professor Havar Məmmədov Azərbaycan dövlətinin, xalqının taleyində böyük əhəmiyyəti olan, tariximizə qızıl hərflərlə yazılan 15 İyun - Milli Qurtuluş Günündən 29 il ötdüyünü bildirib.

 

XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa edən Azərbaycanın böyük təhlükələrlə üzləşdiyini diqqətə çatdıran Havar Məmmədov o vaxtkı hakimiyyətin səriştəsizliyi nəticəsində yaranmış siyasi böhranın, ağır sosial-iqtisadi vəziyyətin ölkəni real vətəndaş qarşıdurması və öz müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qoyduğunu deyib. Rektor bununla yanaşı, Ermənistanın təcavüzü, torpaqlarımızın işğalının ölkədə vəziyyəti daha da gərginləşdirdiyini xatırladıb və belə taleyüklü məqamda Azərbaycan xalqının öz gələcəyini görkəmli dövlət xadimi Heydər Əliyevə etibar etdiyini vurğulayıb.

 

Havar Məmmədov bildirib ki, xalqın təkidli tələbi ilə Bakıya qayıdan ulu öndər Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri, həmin il oktyabrın 3-də isə Azərbaycanın Prezidenti seçilib. Ümummilli Lider hakimiyyətə gəldikdən sonra Azərbaycanın dövlət müstəqilliyini təhdid edən bütün proseslərin qarşısı alınıb və dövlət quruculuğu istiqamətində əsaslı işlər görülüb.

 

Ulu Öndərin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycanda vətəndaş qarşıdurmasına birdəfəlik son qoyulduğunu önə çəkən ali təhsil ocağının rəhbəri məhz Heydər Əliyevin rəhbərliyi dövründə ölkəmizin sosial-iqtisadi böhrandan, siyasi çəkişmələrdən və xaosdan xilas olduğunu, həmçinin cəmiyyət həyatının bütün sahələrində köklü islahatlara başlanıldığını söyləyib.

 

Ulu Öndərin həyata keçirdiyi siyasətin prioritet istiqamətlərini sadalayan Havar Məmmədov bu sırada Ermənistanla atəşkəsə nail olunmasını və münaqişənin ədalətli həlli üçün mühüm addımlar atılmasını, ölkədə ictimai-siyasi sabitliyin, həmçinin təhlükəsizliyin bərqərar edilməsini, liberal iqtisadiyyatın formalaşdırılmasını, milli ordu quruculuğunu, yeni neft strategiyasının reallaşdırılmasını, Azərbaycanın beynəlxalq aləmə inteqrasiyasını xüsusi vurğulayıb.

 

1993-2003-cü illərin Azərbaycanın bir dövlət kimi qurulduğu, formalaşdığı və beynəlxalq birliyin tamhüquqlu subyektinə çevrilməsi dövrü olduğunu deyən rektor bu istiqamətdə gerçəkləşdirilən mühüm işləri, tarixi hadisələri sadalayıb.

 

Rektor artıq iki ildir ki, Qurtuluş Gününün fərqli əhval-ruhiyyə ilə qeyd olunduğunu fikirlərinə əlavə edərək bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu Vətən müharibəsində parlaq Qələbə qazanaraq işğal altındakı torpaqlarımızı azad edib, ölkəmizin ərazi bütövlüyü təmin olunub. Ulu Öndərin ən böyük arzusunun Azərbaycanı bütöv görmək olduğunu və Onun arzularının 27 ildən sonra reallaşdığını söyləyən Havar Məmmədov Prezident İlham Əliyevin ata vəsiyyətini yerinə yetirdiyini, üçrəngli bayrağımızın bu gün Şuşada, Laçında, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə əzəmətlə dalğalandığını deyib. Rektor işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən və hər birimizdə qürur hissi doğuran böyük quruculuq işlərindən də söz açıb.

 

Çıxışının sonunda Havar Məmmədov ali təhsil müəssisələrində Heydər Əliyev irsinin öyrənilməsinin, gənc nəsillə bu yöndə işin aparılmasının daim diqqətdə saxlanılmasının vacibliyini önə çəkib və bu tarixi bayram münasibətilə ən xoş arzularını çatdırıb.

 

Sonra BMU-nun Mühəndislik fakültəsinin dekanı, dosent Hüseyn Mirzəyev çıxış edərək tarixi hadisələrə nəzər salıb. Ulu öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, eyni zamanda Azərbaycanın müstəqillik qazanması və inkişafı uğrunda gördüyü işlərdən danışan fakültə dekanı bu gün Azərbaycanın çox güclü ordusunun, iqtisadiyyatının olduğunu vurğulayıb. H.Mirzəyev ölkəmizin inkişaf strategiyasının məhz ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu və bu siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.