Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-14 12:57:00
Universitetlərimizin Türkiyə sərgisinin əsas məqsədi – “Buna nail olduq”

 

 

11-12 İyun tarixlərində “Azedu Academy”nin təşkilatçılığı ilə Türkiyənin İstanbul Kent Universitetində Azərbaycan universitetlərinin təhsil sərgisi keçirilib.

 

 

Türkiyənin bir çox nüfuzlu media qurumları tərəfindən işıqlandırılan sərgidə başda Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının sədri Pərviz Məmmədzadə olmaqla, Azərbaycan diasporunun nümayəndələri də iştirak ediblər.

 

 

Təşkilatçılardan biri olan “Zirvə” Tədris Mərkəzinin rəhbəri Rahib İbrahimov AzEdu.az-la sərgi haqqında təəssüratlarını bölüşüb:

 

“İlk dəfə idi ki, Azərbaycan universitetlərinin toplu şəkildə təhsil sərgisi keçirilirdi. Sərginin keçirilməsində əsas məqsəd, Azərbaycan universitetlərinin Türkiyədə daha geniş şəkildə tanıdılması, təqdim edilməsi idi. Sərgi həqiqətən çox uğurlu keçdi, böyük marağa səbəb oldu. Türkiyənin media qurumları, sosial platformalarında da bu sərgi geniş şəkildə işıqlandırıldı və gündəm oldu. Bir çox universitetlərin nümayəndələri, həmçinin, Türkiyədə fəaliyyət göstərən dərnəklərin, vəqflərin nümayəndələri də iştirak edirdilər. Bundan əlavə Azərbaycan diasporunun nümayəndələri də sərgiyə qatıldılar. Universitetlərimiz də həm öz fəaliyyətləri, həm də ölkəmizin təhsili haqqında lazımı məlumatları əhatəli şəkildə təqdim etdilər, sualları cavablandırdılar”.

 

O, sərginin təşkil olunmasında əsas məqsədlərdən birinin iki ölkə arasındakı  əlaqələrin  daha da gücləndirmək olduğunu bildirib:

 

“Burada əsas məqsədlərimizdən biri də Azərbaycan və Türkiyə arasında əlaqələri daha da möhkəmləndirməkdir. İki ölkə arasındakı yaxın münasibətlər Vətən Müharibəsindən sonra da hər kəsə daha yaxşı bəlli oldu. Hər kəsə göstərdik ki, türk nə zaman bir olursa, o zaman daha güclü olur. Biz də bir təhsil müəssisəsi kimi ölkə başçısının siyasi xəttinə uyğun olaraq bu qardaşlığı, dostluğu təhsilimizdə də önə çıxarmağa çalışırıq. Artıq Türkiyə təhsili dünyada öz sözünü deyib. Biz bunu Vətən müharibəsində “Bayraqdar TB2” pilotsuz uçuş aparatının fəaliyyəti zamanı şahid olduq. Bu, türk təhsilinin uğuru idi”.

 

Təşkilatçı yerli ali təhsil müəssisələrimizin üstünlüklərini nəzərə çatdırıb:

 

“Universitetlərimizin Türkiyədə sərgisini keçirməkdə məqsədlərimizdən biri də bu ölkənin təcrübəsini öyrənmək, öz təhsilimizdə müəyyən təhlillər aparmaq, yeniliklərin tətbiqinə təkan vermək, Azərbaycan təhsilinin üstünlüklərini təqdim etmək, Türkiyədən olan tələbələrin diqqətini yerli universitetlərə çəkmək idi. Sirr deyil ki, Azərbaycan təhsili sovet dönəmində keyfiyyətinə görə ön sıralarda idi. Məsələn, Bakı Dövlət Universiteti kimya, riyaziyyat, fizika üzrə postsovet ölkələri arasında ön sıralarda yer alırdı. Müəyyən sahələr var ki, bizim də ali təhsil müəssisələrimiz həmin sıralarda ilk sıralardadırlar”.

 

O, Türkiyə mediası və ictimaiyyətinin Azərbaycan universitetlərinin təhsil sərgisinə münasibətindən danışıb:

 

“Tam olaraq məqsədlərimizə nail olduq deyə bilərəm. Məsələn, “Anadolu Ajansı”, “Haber Global”, “Ülke TV”, “Beyaz TV” kimi bir sıra media qurumları, televiziyalar bu möhtəşəm tədbiri işıqlandırdılar. Bütün bunlar sərginin nə qədər vacib və əhəmiyyətli olduğunu, böyük marağa səbəb olduğunu göstərir. Həmçinin, 20-30-a yaxın Türkiyənin öndə gələn sosial platformaları bu sərgi haqqında geniş məqalələr dərc etdilər və öz səhifələrində işıqlandırdılar”.