Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-11 11:00:00
STP Şirkətlər Qrupunun nümayəndələri BMU tələbələri ilə görüşüb

Sumqayıt Texnologiyalar Parkının (STP) nümayəndələri “Təqdimat günləri” çərçivəsində Bakı Mühəndislik Universitetinin (BMU) tələbələri ilə görüşüb.

 

AzEdu.az xəbər verir ki, BMU-nun Mühəndislik fakültəsi, Təcrübə şöbəsi, Müəssisələrlə əlaqələr və karyera departamentinin birgə təşkilatçılığı ilə baş tutan görüş tələbələr və gənclər üçün daha böyük təcrübə, həmçinin karyera imkanları yaratmaq məqsədi daşıyıb.

 

Açılış nitqi ilə çıxış edən Təcrübə şöbəsinin müdiri Həzi Qasımov universitet yarandığı zamandan BMU ilə STP arasında mövcud olan əməkdaşlıqdan bəhs edib. STP-də tələbələrin təcrübələrinin təşkil olunduğunu diqqətə çatdıran H.Qasımov bildirib ki, hər il orta hesabla 20-ə yaxın BMU tələbəsi bu qurumda istehsalat təcrübəsinə cəlb olunur. Şöbə müdiri çıxışının sonunda şirkət ilə universitet arasında olan əməkdaşlığın daha da genişlənəcəyinə əminliyini vurğulayıb.

 

Şirkətin İnsan resursları departamentinin təşkilati inkişaf üzrə bölmə meneceri Namiq Nağıyev STP Şirkətlər Qrupu haqqında təqdimatla çıxış edib. Prezident cənab İlham Əliyevin iştirakı ilə istifadəyə verilmiş STP Şirkətlər Qrupunun ölkəmizdə qeyri-neft sektorunda öz liderlik mövqeyini qoruyub saxladığını vurğulayan bölmə meneceri STP-nin istehsalatla yanaşı, təcrübə və karyera inkişafı ilə bağlı yaratmış olduğu imkanlar hesabına ölkə iqtisadiyyatına hər il yüzlərlə potensiallı gəncin qazandırılmasına töhfə verdiyini fikirlərinə əlavə edib.

 

Əsas fəaliyyət sektorlarının neft-qaz, kənd təsərrüfatı, energetika, maşınqayırma, inşaat, meliorasiya və su təsərrüfatı, telekommunikasiya və IT olduğunu deyən N.Nağıyev STP-nin istehsal etdiyi məhsulların Rusiya, Türkiyə, Almaniya, Özbəkistan, Danimarka, İngiltərə, Misir, Qazaxıstan və Tacikistan bazarlarında “Made in Azerbaijan” brendi altında təqdim ediliyini önə çəkib.

 

STP Şirkətlər Qrupunun İnsan resursları departamentinin İşəqəbul bölməsinin əməkdaşları Şöləxanım Mirzəyeva və Türkan Əliyeva “CV hazırlama və müsahibəyə necə hazırlaşmalı” mövzusunda təqdimatla çıxış ediblər.

 

Çıxışlarda CV hazırlanarkən hansı məqamlara diqqət yetirməyin vacibliyi  vurğulanıb. Bununla yanaşı, müsahibənin  potensial işə götürənin şəxsin bacarıq, təcrübə və şəxsi keyfiyyətlərin müvafiq vakansiyaya uyğunluğunu müəyyənləşdirmək üçün təşkil edilən proses olduğu bildirilib.  

 

Sonda “Ölkəmizi necə tanıyırıq” mövzusunda ümumi dünyagörüşünə aid test imtahanı keçirilib. Nəticələr bəlli olduqdan sonra yüksək nəticələr göstərmiş tələbələrin mükafatlandırılması nəzərdə tutulur.