Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-04 10:10:00
BMU-da gənc tədqiqatçıların elmi işləri maraqla qarşılanıb

Tədrisin təşkili ilə yanaşı, müxtəlif istiqamətlərdə elmi-tədqiqat işlərinin aparılmasını diqqət mərkəzində saxlayan Bakı Mühəndislik Universitetinin (BMU) Fizika kafedrasının əməkdaşları ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Gənc tədqiqatçıların VI beynəlxalq elmi konfransı”nda yaxından iştirak ediblər. Eyni zamanda, kafedranın bütün əməkdaşlarının tədqiqat işləri konfrans materialları toplusunda dərc olunub.

 

AzEdu.az xəbər verir ki, ikigünlük konfrans (29-30 aprel) BMU və Dövlət Gömrük Komitəsinin Akademiyasının birgə təşkilatçılığı ilə keçirilib. Ümumilikdə konfransa 950-yə yaxın məqalə daxil olub və anonim rəyçilər tərəfindən 585 ən yaxşı məqalə qəbul edilib.

 

Konfransın plenar iclasında adıçəkilən kafedranın dosenti Ülkər Abdurəhmanova “AIII BIII C2VI tip üçqat birləşmələrin bəzi nümayəndələrinin xüsusiyyətləri” mövzusunda məruzə ilə çıxış edib.

 

Bundan başqa, kafedranın dosentləri Fəridə Nurməmmədova və Qaçay Nəcəfovun təqdim etdikləri tezislər maraqla dinlənilib.

 

Elmi-tədqiqat işlərində Fizika ixtisasının tələbələrinin aktivliyi də xüsusi nəzərə çarpıb. Belə ki, konfransın bölmələrində III kurs bakalavr tələbələri-Vüsalə İmamquliyeva, Arzu Alxanova, Rauf Məhəmmədov və İdris Məmmədov “Günəş fəallığının 23-cü və 24-cü dövrlərində aşkar olunan parabolik kometlər”, Ləman Hacıyeva “Neytrino kütləsinin təbiəti”, Sənəm İmanova isə “Yüksək sıxlıqlı polietilen-keramika kompozit sisteminin impedans spektroskopiya üsulu ilə tədqiqi” mövzularında uğurla çıxış ediblər. Onlar elmi-tədqiqat işlərini kafedranın əməkdaşları – professor Vəli Hüseynov, Həzi Qasımov və Nərgiz Mehdiyevanın rəhbərliyi altında aparıblar.