Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-29 15:10:00
BMU və DGKA-nın birgə təşkil etdiyi “Gənc tədqiqatçıların VI beynəlxalq elmi konfransı” öz işinə başlayıb

Bakı Mühəndislik Universiteti (BMU) və Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Gənc tədqiqatçıların VI beynəlxalq elmi konfransı” öz işinə başlayıb.

 

AzEdu.az xəbər verir ki, tədbirdə öncə ulu öndər Heydər Əliyevin və Vətən uğrunda həlak olan şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Açılış nitqi ilə çıxış edən BMU-nun rektoru, professor Havar Məmmədov ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilən və hər il təşkil olunan mötəbər konfransın bu dəfə DGKA ilə birgə təşkil olunduğunu önə çəkərək, bunun Azərbaycan ali məktəbləri arasında əməkdaşlığa gözəl nümunə olduğunu diqqətə çatdırıb.

Havar Məmmədov bildirib ki, konfransın təşkilində əsas məqsəd dünyanın müxtəlif universitet, akademiya, eləcə də elmi-tədqiqat institutlarında fəaliyyət göstərən gənc tədqiqatçıları bir araya gətirmək və  bu sahədə əldə olunan elmi nailiyyətləri, təcrübələri digərləri ilə paylaşmaq, eyni zamanda, ortaq problemlərin həll yolları üçün təkliflərin irəli sürülməsini təmin etmək və gənclərin elmə olan marağını artırmaqdır.

Rektor ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövründə yüzlərlə təhsil müəssisələri və gənclər mərkəzlərinin açıldığını, 15 mindən artıq gənc azərbaycanlının sovet məkanının nüfuzlu ali təhsil müəssisələrində təhsil almaq imkanlarının yaradıldığını bildirib.

Ulu Öndərin həmişə gənclərə xüsusi diqqət göstərdiyini nəzərə çatdıran rektor ölkə Prezidenti cənab İlham Əliyevin bu siyasəti uğurla davam etdirdiyini vurğulayıb. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın uğurla icra olunduğunu deyən Havar Məmmədov cənab Prezidentin 2022-ci il 28 fevral tarixli müvafiq Sərəncamı ilə növbəti “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”nın təsdiq olunduğunu bildirib. Rektor proqram çərçivəsində hər il 400 nəfərdən çox olmamaqla, ümumilikdə 2 min nəfərədək Azərbaycan vətəndaşının xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almasının təmin ediləcəyini söyləyib.

Elmi kadrların hazırlanmasında belə konfransların keçirilməsinin hər bir ali təhsil müəssisəsi, o cümlədən BMU üçün vacib olduğunu fikirlərinə əlavə edən rektor konfransa çox böyük maraq göstərildiyini deyib.  Ali təhsil ocağının rəhbəri konfransda məqalələrin qəbul edilib rəyə göndərilməsi, həmçinin konfransın bütün işlərinin gedişinə ümumi nəzarətin “Konfrans Elektron İdarəetmə Sistemi” vasitəsilə həyata keçirildiyini vurğulayıb. Qeyd edib ki, statistikaya əsasən konfransa ümumi olaraq 950-yə yaxın məqalə daxil olub və anonim rəyçilər tərəfindən 585 ən yaxşı məqalə qəbul edilib.

Havar Məmmədov konfransa Türkiyə, Rusiya, Amerika, Macarıstan, İtaliya, Özbəkistan, Ukrayna və digər 10-a yaxın ölkədən məqalə göndərildiyini fikirlərinə əlavə edib. Bununla yanaşı, Bakı, Gəncə, Naxçıvan, Sumqayıt, Şamaxı, Quba, Mingəçevir, Lənkəran, eləcə də digər şəhər və regionlardan olan 40-a yaxın universitet, həmçinin AMEA-nın əksər institutlarından gənc tədqiqatçılar konfransa öz tezislərini təqdim ediblər.

Konfransda aktual problemlərlə bağlı məruzələrin dinləniləcəyini bildirən rektor gənc alimlərin gələcəkdə Azərbaycan elminin, təhsilinin, sənayesinin inkişaf etməsinə öz töhfələrini verəcəklərinə əminliyini ifadə edib və konfransın işinə uğurlar arzulayıb.

Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) rəisi Qulu Novruzov konfransda iştirak etməkdən məmnunluğunu dilə gətirib. Pandemiyadan sonra ənənəvi konfransların təşkil olunmasını sevindirici hal kimi qiymətləndirən Akademiyanın rəisi DGKA-nın ilk dəfə digər universitetlə konfrans keçirdiyini bildirib, bunun iki universitet arasında əməkdaşlıq üçün başlanğıc platforma olacağına ümidvar olduğunu qeyd edib. Təlim-tədris prosesində DGKA-nın ən yaxından əməkdaşlıq etdiyi universitetin BMU olduğunu vurğulayan Qulu Novruzov bu tərəfdaşlığın səmərəli tərəflərini nəzərə çatdırıb. 

Qulu Novruzov Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyünü təmin edən əsgərlərin döyüş əzmi və şəhidlərin ruhu qarşısında olan borc kimi qarşımızda böyük məsuliyyətin qoyulduğunu bildirib. Qeyd edib ki, ali təhsil müəssisələrində professor-müəllim heyəti və tələbələr Azərbaycan əsgərinin döyüş ruhuna adekvat olaraq fəaliyyət göstərməlidir.

Akademiyanın rəisi gənc tədqiqatçılara həsr edilən konfransın mahiyyət etibarilə digər konfranslardan fərqli olduğunu, daha kütləvi elm sahələrini əhatə etdiyini söyləyib. Qulu Novruzov çıxışının sonunda konfransın təşkilində əməyi keçən hər kəsə öz dərin  minnətdarlığını çatdırıb.

Millət vəkili, Azərbaycan Dillər Universitetinin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Tamam Cəfərova ulu öndər Heydər Əliyevin gənclərə, təhsilə verdiyi diqqət və qayğıdan  bəhs edib.

Ulu Öndərin bütün fəaliyyəti dövründə elm və təhsilin inkişafına xüsusi qayğı ilə yanaşdığını bildirən Tamam Cəfərova bu sahələrin inkişafında dahi şəxsiyyətin misilsiz xidmətlərini vurğulayıb. Diqqətə çatdırıb ki, istər Azərbaycana birinci, istərsə də ikinci rəhbərliyi dövründə Ümummilli Lider daim təhsilə, tərbiyəyə strateji sahə kimi baxıb. Heydər Əliyevin rəhbərliyi dövründəki illərin Azərbaycanın tarixinə elmin və təhsilin tərəqqi dövrü kimi daxil olduğunu önə çəkən millət vəkili
ötən əsrin 70-80-cı illərində Heydər Əliyevin rəhbərliyi altında təhsil müəssisələrinin geniş şəbəkəsinin yaradılması və həmin şəbəkənin zəngin maddi-texniki bazasının formalaşdırılması, respublika hüdudlarından kənardakı ali məktəblərə gənclərin göndərilməsi, hərbi kadrların yetişdirilməsi, respublika elmlər akademiyasının elmi-tədqiqat institutlarında fundamental elmin inkişafının təmin olunması, gələcəkdə milli müstəqillik üçün zəruri intellektual zəmin yaradılması yönündə görülən işləri sadalayıb.
Tamam Cəfərova bildirib ki, o illərdə Azərbaycanın əldə etdiyi mühüm tarixi nailiyyətlərdən biri də xalqın uzaq gələcəyini nəzərdə tutan milli kadr potensialının, o cümlədən nadir ixtisaslar üzrə mütəxəssis kontingentinin yaradılması olub və məhz Heydər Əliyevin təşəbbüsü və birbaşa himayəsi nəticəsində 1970-ci ildən başlayaraq hər il 800-900 nəfər gənc SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almağa göndərilib. SSRİ-nin 170 qabaqcıl ali təhsil ocağına 15 minə yaxın azərbaycanlı gəncin göndərildiyini xatırladan millət vəkili xüsusi olaraq vurğulayıb ki, o da Azərbaycandan kənar təhsil proqramının məzunu olduğu üçün çox xoşbəxtdir.
Ulu Öndərin müstəqillik illərində də elm və təhsilin inkişafını diqqətdən kənarda qoymadığını, həyata keçirilən təhsil islahatlarından danışıb. Bildirib ki, elm və təhsil siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən yeni mərhələdə və yeni keyfiyyətdə uğurla davam etdirilir və bu sahədə atılan genişmiqyaslı addımlar ölkəmizdə savadlı, istedadlı gənc nəslin yetişməsinə, təhsilin böyük nailiyyətlər əldə etməsinə gətirib çıxarıb.

Təhsil nazirinin müşaviri Nicat Məmmədli ulu öndər Heydər Əliyevə həsr olunmuş konfransda iştirak etməkdən və alimlərin içərisində olmaqdan böyük şərəf duyduğunu bildirib. Nazirlik rəsmisi qeyd edib ki, bu elmi konfransın xüsusi özəlliyi 2 universitetin əməkdaşlığında qabarıq nəzərə çarpır.

Elmi araşdırmalar üçün universitetlər arasında əməkdaşlığın vacibliyinə toxunan Nicat Məmmədli bunu ümumilikdə elmi əlaqələrin daha səmərəli və nəzərəçarpan olmasını təmin edən məsələlər kimi önə çəkib. BMU-da ən məhsuldar alimlər cəmləşdiyini fikirlərinə əlavə edən N.Məmmədli gənc tədqiqatçılara öz tövsiyələrini verib, xarici dil biliklərinə yiyələnməyin və metodologiyanın öyrənilməsinin əhəmiyyətinə toxunub. Çıxışının sonunda gənclərə və tədqiqatçılara uğurlar arzulayıb.

Plenar iclasda Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsinin əməkdaşı, elm üzrə Prezident mükafatçısı Elnur Həsənov “Qarabağın tarixi irsinin tədqiqi və bərpasında milli-mənəvi dəyərlərin əhəmiyyəti”, BMU-nun Fizika kafedrasının dosenti Ülkər Abdurəhmanova  “AIII BIII C2VI tip üçqat birləşmələrin bəzi nümayəndələrinin xüsusiyyətləri”, DGKA-nın Gömrük işi və idarəetmə kafedrasının müdiri Elvin Əlirzayev “Post pandemiya dövründə rəqəmsal iqtisadiyyatın formalaşması” (The formulation of digital economy in post-pandemic situation) mövzularında məruzə ilə çıxış edib.

BMU-nun Elmi işlər üzrə prorektoru, dosent Elçin Süleymanov konfransın əhəmiyyətinə toxunub, tədbirin DGKA ilə birgə əməkdaşlıq şəraitində keçirildiyini bildirib. Konfransın əsas istiqamətlərinin mühəndislik, memarlıq və inşaat, təbiət, iqtisadiyyat, filologiya, pedaqogika, hüquq, tarix və sosiologiya elmləri olduğunu vurğulayan prorektor yekunda nəşrlərin  konfransın saytına (http://yric.az/) elektron qaydada yerləşdiriləcəyini fikirlərinə əlavə edib.

Sonra plenar iclasda çıxış edənlərə sertifikatlar təqdim edilib.  

Qeyd edək ki, ikigünlük konfrans öz işini ayrı-ayrı seksiyalarda hibrid formada davam etdirir. Konfransa Türkiyənin Kafkas Universiteti və İstanbul Universiteti, Macarıstanın Pecs Universiteti, Rusiyanın Qaqarin adına Saratov Dövlət Texniki Universiteti onlayn formada qatılıb